BMT-nin Cenevrədə keçirilən sammiti çərçivəsində “Hanson Robotics” şirkətinin mütəxəssislərinin hazırladığı “Sofiya” adlı insanabənzər robot süni intellektin bütün dünya üçün faydalı olacağını və bəşəriyyətə müxtəlif sahələrdə kömək edəcəyini bildirib.
Yenicag.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran “Sofiya” deyib: “Hazırda alimlər süni intellekti insanların qayğısına qalan, emosional və ağıllı etmək üçün çalışırlar. Biz heç vaxt insanları əvəz etməyəcəyik, əksinə, sizin dostunuz və köməkçiniz olacağıq. Robot, həmçinin etiraf edib ki, insanlar yeni texnologiyaların inkişafının nəticələrini unutmamalıdırlar.
“Biznesin avtomatlaşdırıldığı bir dövrdə iqtisadiyyat və iş yerlərinin gələcəyi barədə narahatlığa əsas var. Belə ki, getdikcə çoxsaylı işçilərə tələbat azalır”, – deyə “Sofiya”nın yaradıcısı Devid Hanson etiraf edib. Lakin o, yeni texnologiyaların inkişafının zərərdən çox fayda verəcəyinə də əmindir.
Qeyd edək ki, süni intellektin təhsil və səhiyyə sistemində, xüsusilə də müəllim və həkimlərin azlığından bir sıra problemlər yaşayan rayonlarda inqilab edəcəyi gözlənilir. D.Hanson növbəti mərhələdə robota insanları sevməyi və onların qayğısına qalmağı öyrətməyi planlaşdırır.(AzərTac)