“İnsanlar evdə qaldıqca, daha aqressiv olurlar” – Ekspertdən əhaliyə ÇAĞIRIŞ

“Bu virusun dəqiq müayinə metodu hazırlanmadığı üçün bir sıra səhvlərin olması normal qəbul edilməlidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həftəsonu tətbiq olunan tam təcrid qərarının təsirlərinə münasibət bildirən həkim-ekspert Nazir Allahverdiyev deyib.

Nazir Allahverdiyevə görə, analoji qərarın Türkiyə modeli sadəcə, qadağalardan ibarət olmadığına görə orada gözlənilən proqnoz özünü doğrultdu:

“Türkiyədə səhiyyə, polis və ümumilikdə xalq birlikdə bu mübarizəyə qoşulmuşdu. Nəzərə alaq ki, Türkiyədə COVİD-19 testi pozitiv çıxanların əksəriyyətinə hidroksixloroxin preparatı verildi. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı bu dərmanın koronavirusa qarşı mübarizədə effektli olduğunu sübut edən inandırıcı dəlillərin tapılmadığını bildirirdi.

Buna əhəmiyyət verməyən Türkiyə səhiyyəsi ilk dövrlərdə ağırlaşmanın qarşısını almaq üçün bu preparatın effektiv olduğunu bəyan etdi. Bununla da, qazanılan uğurun bir qisminin məhz düzgün qurulan səhiyyə sistemində olduğunu göstərdi.

Daha sonra qadağalar bayram günlərində və hətta adi günlərdə də tətbiq olundu. Bütün bunlara vətəndaş çox böyük səbr nümayiş etdirərək, təlimatın tələblərini əsasən, yerinə yetirdi. Belə olan halda polisin üzərinə o qədər də yük düşmədi”.

Ekspert Allahverdiyev vurğulayıb ki, məlum qadağa ilə bağlı Azərbaycanda kəskin dilemma yaranıb və bu, heç də müsbət hal deyil:

“İnsanlar evdə qaldıqca və məhrumiyyətlər yaşadıqca, daha aqressiv olurlar. Təmkin və anlayış aradan qalxır. Növbəti həftəsonu günlərində də tam karantin rejimi tətbiq olunarsa, insanlar daha qəzəbli olacaq.

Lakin çalışıb təmkin, dözüm və səbr göstərmək lazımdır. Axı başqa vaxt biz “səbrli millət” kimi tanınırıq. Burada əsas məsələ qanunlara hörmətlə yanaşmaqdır. Bu, nə siyasi, nə də şəxsi maraqlara əsaslanan qərardır. Bütün dünyanı bürümüş xəstəlikdir. Polis də bu şəraitdə öz işini görür.

Səhiyyə sistemi ilk dəfədir, belə vəziyyətlə qarşılaşır. Bu virusun dəqiq müayinə metodu hazırlanmadığı üçün bir sıra səhvlərin olması normal qəbul edilməlidir. Ümid edirəm ki, gələn həftələrdən etibarən, xəstəliyi asimptomatik keçirənlər sahə həkimlərinin nəzarəti altında ev şəraitində müalicə olunacaqlar”.

Gülşən Şərif