İnsanlar psixoloqa niyə gedirlər? – Ən travmatik şəxslər bu illərdə doğulanlardır

“Ən travmatik olan insanlar, 1980-ci illərdən 1990-ci illərin əvvəlinə qədər doğulan şəxslərdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu gün insanların daha çox hansı problemlərə görə psixoloqa müraciət etməsi haqda danışan psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, insanların psixoloji yardıma ehtiyac duyması yaş kateqoriyasına və duruma görə dəyişir:

“Məsələn, əgər 11-ci sinif şagirdlərini, 15-16 yaşlı yeniyetmələri nəzərdə tutsaq, onlar həyəcan, özgüvən, imtahana görə stress, qorxu içində olan zaman psixoloji yardım almağa ehtiyac duyurlar. Qadınlar daha çox xəyanətlə üzləşdiyinə görə özgüvəni sarsılır, xoşbəxt ola bilmir, bu xəyanət onlara çox pis təsir göstərir və nəticədə onlar da psixoloqa müraciət etmək, psixoloji yardım almaq istəyirlər. Bəzi ailə terapiyasına gələn ailələr bir-birini anlamadığına, ruhən eyni dildə danışa bilmədiyinə görə daha çox maraciət edir. Kişilər isə uğur, karyera, yerində saymaqla bağlı problemlərlə üzləşəndə psixoloq yardımına ehtiyacı olur. Bəzi qadınlar da özgüvən problemi ilə bağlı müraciət edir. Ona görə ki, savadı, dünyagörüşü var, amma özgüvəni olmadığına görə işdə uğur qazana bilmir. Lakin bu gün müraciət edən 100 pasiyentdən 80-i ailəsində uğursuzluq görən qadın və bunun alt planında uşaqla, ata ilə bağlı olan travma ilə bağlı olur”.

Psixoloq qeyd edib ki, ən travmatik olan insanlar, 1980-ci illərdən 1990-ci illərin əvvəlinə qədər doğulan şəxslərdir:

“Çünki bu illərdən əvvəl doğulan və boya-başa çatan uşaqlar ailə, qonşuluq, həyata baxış sistemini tamamilə fərqli cür gördü. Lakin 1980-ci illərin sonu 1990-cı illərin əvvəli isə birdən-birə ailələrdə qırılmalar, fərqindəliyin yaranması, sosiallıq, internetin inkişaf etməsi, bir sözlə, sosial aut vəziyyətinin yaranması onları ailədən də, çevrədən də məhrum etdi. Ona görə də ən travmatik dövr 1980-ci illərin axırı 1990-cı illərin əvvəli doğulan uşaqlardır ki, onlar nə əvvəlkilər kimi qonşuluq, birlik, cəmiyyət gördülər, nə də düzənli ailə gördülər. Onlar elə bil sosial sfera axışına daxil oldular”.

İsmayıl Bakuvi