İnsanlardakı aqressiya və qəddarlığın səbəbi … – Psixoloqdan açıqlama

Son günlər istər sosial mediada, istərsə də dövrü mətbuatda ailədaxili şiddət və problemlərin daha çox yer aldığını, hətta bu münaqişələrin ölümə belə səbəb olduğunu görürük.

Bəs görəsən bunun kökündə nə dayanır? Doğmalar arasında bu cür aqressiyanın səbəbi nədir?

Suallarımıza uzman, ailə və uşaq psixoloqu Nəsibə Tağıyeva cavab verir:

“Günümüzdə ailədaxilində problemlər bir çox situasiyalarda ciddi problemlər yaranması ilə üzə çıxır. Belə ki, uşaqlıq travmaları, gündəlik streslə müşahidə olunaraq yaşanan hadisələr artıq insanlarda özünə və başqasına zərər vermə hallarını artırıb.

Ana-oğul, ata-qız münasibətlərinin təməli 3-6 yaş aralığından ilk sevgi münasibətləri, özünü və qarşı cinsi tanıma dövründən başlayır. Bu dövrdə “elektra”, “edipus” komplekslərinin təməli qoyulur. Bu dövrdə valideynlər övladları ilə sağlam münasibət qurmağa, onların yanında səsləndirdikləri ifadələrə, qarşı cins və öz həmcinsi ilə münasibətlərdəki davranışlara xüsusi diqqət göstərməlidirlər.

 

Bu dövr sağlıqlı şəkildə tamamlanmadığı müddətdə irəliləyən yaş dönəmlərdə özünə inamsızlıq, qısqanclıq, aqressiya, qarşı cinslə qurulan ünsiyyətdə problemlər, ana və ya atanı qısqanma və ona olan aqressiyanın zərərvermə davranışları ilə təzahür etməsi müşahidə olunur.

Eyni zamanda unutmamaq lazımdır ki, körpələr hamiləlik dönəmindən anaları ilə qurduqları ilk bağdan etibarən hər yaş dönəmində xüsusilə valideynlərinin bir-biri ilə, ətraf mühitlə qurduqları ünsiyyətə, rəftara xüsusi diqqət yetirib, öz davranış və emosiyalarını bu şəkildə formalaşdırırlar.

Övladlar ağ vərəq kimidir, ona yazılan yazının səbəbkarı da, günahkarı da valideyndir. El dilində desək, insan əkdiyini biçir. Düzgün tərbiyə olunan, ailəsində şiddət görməyən uşaq heç vaxt heç kimə şiddət göstərməz. Göstərərsə, demək, bu, onun uşaqlıq travmasından irəli gəlir.

COP29