“Koronavirus pandemiyasından qorunmaq üçün müəyyən olunan qaydalara əməl etməyən şəxslər cərimələnməlidirlər”.
Dünyada koronavirus pandemiyasının günbəgün daha geniş miqyas almasına baxmayaraq, insanlar qorxunc virusa yoluxmamaq üçün edilən xəbərdarlıqlara çox səhlənkar yanaşırlar. Koronavirus pandemiyasının episentrinin Çindən İtaliyaya keçməsi və digər ölkələrdə də sürətlə yayılması məhz insanların məsuliyyətsizliyinin nəticəsi kimi qiymətləndirilir.
Təəssüf ki, qeyd olunan səhlənkarlıq koronavirusa yoluxma statistikasının artıq 100 nəfəri keçdiyi Azərbaycanda da müşahidə edilməkdədir. Ölkədə koronavirus təhlükəsinin qarşısının alınması üçün karantin rejimi tətbiq olunsa da, bir çox vətəndaşlar qaydalara əməl etməkdən yayınırlar.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında koronvirusdan qorunmaq üçün tətbiq olunan qaydalara məhəl qoymayan şəxslərə qarşı sərt ölçü götürülməsinin qaçılmaz olduğunu bildirib:
“Bir çox ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar çox ciddi tədbirlər həyata keçirilir, hətta fövqəladə vəziyyət elan olunur. Fransa və Qazaxıstanda xüsusi icazə olmadan küçəyə çıxan insanlar həbs olunur, qaydalara əməl etməyənlər böyük məbləğdə cərimələnirlər.
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqinə baxmayaraq, insanlar məsələyə hələ də ciddi yanaşmırlar. Onlar anlamırlar ki, öz həyatlarını təhlükəyə atmamaq üçün qaydalara riayət etmələri vacibdir.
Mövcud şəraitdə ən təhlükəsiz yer ev hesab olunur. Ona görə də insanlar karantin rejimi bitənə qədər evdə qalmalıdırlar. Əks halda, qaydalara əməl etməyən şəxslərə qarşı ciddi tədbirlər həyata keçirilməlidir”.
Gülşən Şərif