“İnsanları evə qapatmaq istəmirik” – Şahmar Mövsümov

“Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsin”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov vurğulayıb ki, qaydalara əməl edilməsə, yoluxmaların sayının kütləvi şəkildə artması qaçılmaz olacaq:

“Çox sayda insanın kütləvi şəkildə karantin qaydalarına əməl etmədən, küçələrə axışmasını müşahidə edirik. Burada artıq hökuməti günahlandırmaq olmaz.

Hamıdan xahiş edirəm ki, mümkün qədər kütləvi toplaşmalardan çəkinək, məsafə saxlayaq, maska taxaq.

Buradan əhaliyə çağırışımız var. Günün ikinci yarısında sıxlıqlar daha çox olur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsin.

Nəticədə həm vətəndaş özü rahat olacaq, həm dəbu, virusun yoluxmasının qarşısını almağa kömək edəcək”.

Gülşən Şərif