İnsanları ovsunlayan TEATR ADAMI: Yeriniz yaman görünür, VAQİF İBRAHİMOĞLU

Fərqli və qeyri-adi üslubu olan “Psixosof” (ruhun hikməti) poetikası üzrə teatr yaradan ilk rejissorlardandır. Rejissor idi yox, məhz rejissorlardandır. Onun haqqında yazarkən keçmiş zaman şəkilçisindən istifadə etmədim, bəli. Çünki o, adını teatr tarixinə əbədi yazdıran və daim yaşayan sənətkardır.

Söhbət Azərbaycanın novator teatr rejissoru Vaqif İbrahimoğludan gedir. Doğum günüdür bu gün.

Olduqca maraqlı müsahib idi, amma buna rəğmən jurnalistlər üçün əlçatan rejissorlardan deyildi. Bəlkə də bu, ondan irəli gəlirdi ki, həmin jurnalist İbrahimoğlu ilə söhbətləşmək üçün teatr, sənət və yaradıcılıq dünyasından heç olmazsa, az-çox məlumatlı olmalı idi. Çünki həm də dərin insan idi. Ona sual verəndə yüz ölçüb, bir biçərdik. Xoşbəxtəm ki, hər premyerasına özü məni dəvət edirdi. Və tamaşadan sonra yazdığım yazını həvəslə oxuduğunu deyirdi.

Tamaşaları da özü kimi həddən artıq fərqli, maraqlı idi. O teatrın daimi seyrçiləri yaxşı bilir, tamaşaçı ilə aktyor və aktrisalar o qədər yaxından təmasda olurdular ki, özümüzü tamaşada baş verən hadisələrin içərisində hiss edərdik.

Həmin illərdə Vaqif İbrahimoğlunun yaratdığı teatrda tamaşaçı əlindən iynə atsaydın, yerə düşməzdi və izdiham yaşanardı. Çünki insanlar yaxşı bilirdilər ki, getdikləri məkanda, sözün əsl mənasında, istirahətin, zövqün dadını çıxaracaqlar. Hər tamaşası hadisəyə çevrilirdi, müzakirə olunurdu. O dönəmi xatırlayanda düşünürəm, demək ki, tamaşaçını teatra gətirən məhz maraqlı tamaşadır. Yəni maraqlı tamaşa varsa, heç bir sosial şəbəkə və internet teatra olan bu istəyin, bu sevginin qarşısını ala bilməz.

Bu mənada, yeriniz çox görünür, Vaqif İbrahimoğlu!

Cəvahir

COP29