Mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İslam dinində parçalanma yaratmağa çalışan təriqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində “Gənclər radikal dini qruplara niyə meyl edir?” adlı dəyirmi masa keçirib. ABUC sədrinin müavini Elman Cəfərli deyib ki, Yaxın Şərqdə baş verən hadisələr, radikal islamçıların bəşər mədəniyyəti nümunələrini məhv etməsi, özünü “doğru islam”, “ideal islam” hesab edən “İslam dövləti” adlanan İŞİD terrorçu təşkilatının insanlara orta əsrlər qaydaları ilə işgəncə verməsi hər kəsi narahat edir. E.Cəfərli bildirib ki, layihəni aktual edən əsas məsələlərdən biri radikal islamçı məzhəblərin Azərbaycanda da özünə tərəfdar toplamasıdır: “Təəssüflər olsun ki, təhsil və tərbiyə məsələlərində buraxdığımız xətalar gənclərin radikal dini təriqətlərə qoşulmasına gətirib çıxarır. Gənclərin radikal sektalara qoşulmasının qarşısını almaq üşün məktəb, valideynlərlə yanaşı ictimai təşkilatların, medianın da üzərinə böyük məsuliyyət düşür”.
“Gəncləri radikal dini cərəyanlara çəkmək istəyən maraqlı qüvvələr var”
Mövzu ilə bağlı məruzə edən dinşünas Hacı Tahir Abbaslı bildirib ki, gənclərin radikal dini sektalara qoşulması adətən ya mənəvi boşluqdan, ya da maddi problemlərini və durumlarını yaxşılaşdırmaq istəyindən olur: “Adətən belə gənclər öz istəklərindən deyil, valideynlərin təkidi ilə qoşulurlar. Demokratik ölkə olaraq belə məsələlərdə heç kimi məcbur edə bilmərik. Amma düşündürmək və qarşısını almaq üçün daha dəyərli dinimizi təqdim edib, nümunələrimizi təqdim edə bilərik. Ona görə uşaqlıq illərindən Allahın varlığı, dini, “Qurani-Kərim”i, Peyğəmbərləri imamları və qeybi aləm (ölüm, ölümdən sonrakı bərzəx və qiyamət) haqqında məlumatlandırıb fikirlərini inkişaf etdirib, irəli aparmaqla olar”. Hacı Tahir deyib ki, bəzən radikal dini sektalar doğma görünmək üçün maliyyə köməkliyi etməklə uşaqların nəzərində qayğıkeş və xilaskar kimi tanınırlar: “Bu isə gələcəkdə vətən və millət üçün yararsız, kimlər üçün isə robota çevrilmək təhlükəsini yarada bilir. Ona görə bir az ehtiyatla və müdrikcəsinə yanaşmaqla nəticə əldə etmək olar”. Tahir Abbaslı qeyd edib ki, xüsusilə gənc yaşlarında insan təfəkküründə müəyyən boşluqlar yaranır. O, bildirib ki, həmin boşluqların zərərli ideologiyalarla doldurulmasının qarşısını almaq üçün müəyyən maarifləndirmə işləri həyata keçirilməlidir: “İnsan həyatının keçidli mərhələrində dayanmaq mərhələsi olmalıdır. İnsanın elmi, dini və mədəni anlayışı elə olmalıdır ki, o yalnış istiqamətlərə yönəlməsin, yalnış təbliğatlardan uzaq dayansın. Bu nöqteyi-nəzərdən vətənpərvərlik mövzusu xüsusi əhəmiyyətə malikdir. Biz gənclərlə bağlı maarifləndirmə işini bu yöndə aparmalıyıq. Gəncləri radikal dini cərəyanlara çəkmək istəyən maraqlı qüvvələr var. Yaxın Şərqdə cərəyan hadisələrə nəzər salsaq görərik ki, bu işdə mütəşəkillik mövcuddur”. Ona görə də, ailələr bu işdə dövlətə yardımçı olmalıdırlar.
“Azərbaycanda məzhəblərarası qarşıdurma təhlükəsi yoxdur”
Dinşünas Hacı Vaqif Cəliloğlu cəmiyyətin dinə münasibətində şüurlu mövqenin ortaya qoymasına diqqət çəkib. Hacı Vaqifin sözlərinə görə, Azərbaycanda bir çox İslam və müsəlman ölkələri ilə müqayisədə məzhəblər arasında qarşıdurma mühiti yoxdur: “Ölkəmizdə stabillik var. Bu məsələdə hüquq mühafizə orqanları, Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının nəzarət mexanizmi var. Bu gün Azərbaycanda region və dünyada baş verən gərgin proseslərin fonunda sabitliyin hökm sürməsi bu yöndə görülən işlərin nəticəsindədir. Nəticədə də, ölkəmizdə məzhəblərarası münasibətlərdə qarşıdurma təhlükəsi yoxdur”.
“Azərbaycan mediasında Bəşər Əsəd və İŞİD kimi məsələrə yanaşmada məhzəbçilik mövqeyi var”
“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, məsələ ilə əlaqədar görüntü üçün bir neçə tədbirin keçirilməsi və digər tədbirlər “bəd xassəli şiş”in aradan qaldırılmasına gətirib çıxarmır. İstər İŞİD, istər “ən-Nüsra”, istərsə də “Hizbullah” kimi terror təşkilatları olsun, bunların Azərbaycanda çox ciddi şəkildə dayaqları, az da olsa sosial bazaları var. Həmin təşkilatların və digər radikal cərəyanların dəqiq öyrənilməsi lazımdır. Sosioloqlar bu problemin kökünü araşdırmalıdırlar. Məsələnin sadəsinə qaçmaq lazım deyil, görüntü üçün söz deyilməməlidir. İnsan öz komfort həyatını atıb Suriya, Yəmən kimi müharibələrin tüğyan etdiyi ölkələrə “cihad”a gedirlər. Onlar bu ölkələrdə mağaralarda, insanların yaşaya bilməyəcəyi yerlərdə yaşayırlar, orada da ölürlər. Bunun səbəblərini araşdırmaq lazımdır. 100-132 nəfər azərbaycanlının İŞİD-ə qoşularaq öldüyü bildirilir. Bu gerçək rəqəm deyil, bu gün azərbaycanlılar İstanbul üzərindən İŞİD və digər terror təşkilatlarına qoşulmaq üçün Yaxın Şərqə gedirlər. İran və Naxçıvan tərəfdən də bölgəyə keçənlər var. Bu gün Suriyada döyüşən azərbaycanlıların sayı minlərlədir. Məsələnin kökü, səbəbi araşdırılmalıdır. Bu araşdırılarkən də məzhəb təəssübkeşliyi olmamalıdır. Çox təəssüf ki, Azərbaycan mediasında Bəşər Əsəd və İŞİD kimi məsələrə yanaşmada məhzəbçilik mövqeyi var. Bu yalnış yanaşmadır”.
“Həmin qüvvələr zaman-zaman müxtəlif kanallar vasitəsilə Azərbaycana daxil olublar”
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev çıxışında bildirib ki, gənclərin radikal dini cərəyanlara meyl etmələrinin qarşısını almaq üçün bütün cəmiyyət bu yöndə çalışmalıdır: “Heç kəs yaxasını kənara çəkməməlidir. Çünki bu gün bir nəfərə yoluxmuş virus, sabah tədricən ətrafa yayılmağa başlayacaq. Yalnış təriqətlərin, cərəyanların Azərbaycanda yayılmamasına çalışanlar ölkəmizə dost münasibəti bəsləməyən qüvvələrdir. Həmin qüvvələr zaman-zaman müxtəlif kanallar vasitəsilə Azərbaycana daxil olublar. Bu dairələrin ölkəyə gətirdiyi dəyərsizliklərin təsirinə daha çox dini mövqeyində boşluğu olan gənclər düşürlər. Bir çoxları isə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədən gedən insanlardır. Artıq İranda nümayəndəliyimizi yaratmışıq. Bu gün İranda çoxlu sayda azərbaycanlı tələbə təhsil alırlar. Əgər İranda minlərlə din xadimi ruhani varsa, onların azərbaycanlı tələbələrin fəaliyyətlərinə də ehtiyacları ola bilər. İslam Universiteti tərəfindən bir neçə il əvvəl Səudiyyə Ərəbistanına tələbələr göndərirdik. Biz orada tələbələrin təsir altına düşməsini görərək, tələbə göndərməsini dayandırdıq. Yəni məqsədyönümlü addımlar atırıq. Amma bu gün Azərbaycanda İslamı elmi səviyyədə bilən din xadimlərimiz də var. Onların hamısı Vətəninə, torpağına bağlıdırlar. Problemlərin qarşısını almaq üçün məktəblərdə dini bilgilərlə bağlı tədris proqramları olmalıdır. İnsanlar dinə şüurulu münasibət ortaya qoymağı bacarmalıdırlar”.
“Azərbaycan dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır”
Müasir İnkişaf İctimai Birlyinin sədri Mübariz Göyüşlü deyib ki, Azərbaycanda dini tolerantlıq hökm sürür: “Heç kim dininə və əqidəsinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır. Bu gün respublikamızda hər bir vətəndaşın öz dini inancını qoruması, həmin dinin təbliğ edilməsi, dindarların rahat ibadətlə məşğul olma hüquqları Konstitusiya ilə təsbit edilib və dövlət bu hüquqların təmin edilməsi üçün kifayət qədər optimal siyasət yürüdür”. Bununla belə M. Göyüşlü hesab edir ki, dövlətin əsas ideyalogiyası azərbaycançılıq ön planda olmalıdır: “Ölkədə dini və ya etnik tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyin qorunmasında və inkişafında əhəmiyyətli rol oynayır. Lakin, dini azadlıq insanların zərərli təriqətləri müdafiə etməsinə səbəb olmamalıdır. Hansısa təriqətə bağlılıq, cəmiyyət və dövlət maraqlarından üstün tutulmamalıdır. Azərbaycançılıq ideyası hər şeydən əvvəldə gəlməlidir”.
“Azərbaycan xalqının ruhunda heç zaman radikallıq olmayıb”
“Mütləqə İnam Ocağı”nın Yükümlüsü İşıqlı Atalı çıxışında gənclərin psixologiyasında yad dəyərlərə meyllənmək məsələsinin olduğuna diqqət çəkib. Qeyd edib ki, kənardan insanlara ictimai və siyasi yöndə insanlara müəyyən təsirlər olur: “Azərbaycan xalqını həmişə ayaqda saxlayan yeganə qüvvə ruhumuzun yenilməzliyi olub. Bizi bu ruhumuz yönəldib. Azərbaycan xalqının mahiyyətində humanizm var. Azərbaycan xalqının ruhunda radikallıq yoxdur, biz heç vaxt belə olmamışıq”. İşıqlı Atalı problemlərin aradan qaldırılması üçün maarifləndirmə və düzgün təbliğat işinin vacib olduğunu da sözlərinə əlavə edib.
Mənsur Rəğbətoğlu / Olaylar