!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlıq yolu – Sabir Rüstəmxanlının “Yolüstü görüşlər” silsiləsindən…

!Reklam – Yazi

IMG_1649İki il öncə Rusiya qəzetlərinin birində Axıska türklərinin, faciə sözünə sığmayan, acı taleyi haqqında “Relslər üstündə yaşayan xalq” adlı bir məqalə çap olunmuşdu. Doğrusu, Rusiya mətbuatında öz törətdikləri insanlıq dramı haqqında bu qədər vicdanlı yazı verilə biləcəyini gözləmirdim. 70 il boyunca Vətəninə dönmək ugrunda mübarizə aparan, dünyanın heç yerində rahatlıq tapmayan, ölkədən-ölkəyə qovulan, hələ də ömrü yollarda, qatarlarda, relslərin üstündə keçən xalqın pomanlara sığmayan hayat macərası bir məqalədə ustalıqla təsvir edilmişdi.

IMG_1618Axıska türklərinin Vətənə dönmək istəkləri həmişə Gürcüstan sərhədlərinə, Gürcüstan rəsmilərinin Axıska türklərinə münasibətdə Stalinin milli siyasətindən seçilməyən riyakar şərtlərinə toxunaraq boşa çıxıb. Onlar sərhədlərdən geriyə Azərbaycana dönməli olublar. Bu gün Azərbaycan Axıska turklərinin ötən əsrin 60- cı illərindən məskunlaşdıqları və ən rahat yaşadıqları bir yerdir. Onlar üçün ikinci Vətəndir.

IMG_1644Dünya Azərbatcanlıları Konqresinin işiylə bağlı dünyanın harasına getdimsə oradakı Axıska türkləriylə də görüşdüm. Ankarada, İstanbulda, Bursada onların qurultaylarına qatıldım. Doğmalaşdıq. İmkan düşəndə Şamaxıda, Xaçmazda, Sabirabad və Saatlıda yaşayan axıskalı dostlarıma da baş cəkdim. Bu bazar Türkiyəli iş adamı, köhnə dostumuz Hüseyn Büyükfıratın dəvətiə Saatlı rayonunun Qazanbatan köyündə yaşayan el ağsaqqalı Ənsar Rızvanoğlunun görüşünə getdik; daha döğrusu bu, mənim çoxdankı arzum idi, Hüseyn bəy də bir neçə təklif eləmişdi, bu gün getmək qismət oldu. Bəxtimizdən də neçə gündən bəri qavam edən qar-yağış kəsilmiş və yenidən günəşlı bir payız qayıtmışdi.
Ənsar kişini qiyabən çoxdan tanıyırdım, Seyfulla Türksoyun televiziya proqramından, Hüseynin söhbətlərindən… O da bir neçə dəfə sifariş göndərib dəvət eləmişdi. 93 yaşı olsa da həyətdə şax qamətiylə dayanıb bizi gözləyir. Bir neçə saatda bir ailənin başçısını Türkiyəyə, yerdə qalanlarını Özbəkistana, Əndican vilayətinə, ordan Azərbaycana atan, ümid kəsilən yerdə , yəni yarım əsr sonra, Hüseyn Büyükfıratın yardımıyla, onları yanidən qovuşduran talenin sakit dinlənilməsi mümkün olmayan qəmli dastanı vərəqləndi.. Özbəkistan yaşantıları, Azərbaycanda gördükləri qayğı, uşaqlarının uzanan və dünyaya yayılan yolları, uzun və çətin bir ömrü mehribanca, çiyin-çiyinə addımladığı qarısının qayğısı və xəstəliyi, İslam dünyasının və Türkiyənin dərdləri barədə söhbətləri o qədər şirindi ki, vaxtın necə keçdiyini duymadıq. Ənsar kişi heç bir zülmün, sürgünün, yurdundan ayrı düşmək əzabının sındıra bilmədiyi bir möhtəşəm heykəl kimi oturmuşdu qarşımda; öz bərəkətli süfrəsinin başında.

IMG_1610Ən maraqlısı Ənsar kişinin kürd qardaşımız Hüseyni doğma övladı kimi qarşılaması idi. “ Səndən sarı çox narahat oldum, Hüseyn. Neçə aydır hardasan, səsin niyə gəlmir? Türkiyədə qarışıqlıq olanda burda bizim də ürəyimiz əsir.” Hüseyn gülür: “ Rahatsız olmağına bir nədən yox, Ənsar amca!”IMG_1604

Söhbətdən bəlli olur ki, Azərbaycanda yaşayan Axıska türkləri ilə Hüseynin ilişkiləri çoxdan başlanıb, bu kəndlərə tez-tez gəlir. Xeyirdə-şərdə, bayramlarda onların yanındadır. Kəndin içindəki məscidi də o tikdirib; köç zamanı Axıskaya yardıma gələrkən əsir düşmüş, bütün ömrü dustaqda və sürgündə keçmış türk əsgərinin kənd qəbristanındakı məzarını da o ucaldıb. Hüseynin fəaliyyəti türk–kürd qardaşlığının parlaq örnəklərindən biridir. Bakıda onu xeyirxah, gözəl bir insan kimi yaxşı tanıyır və sevirlər. Harda türklüklə bağlı bir toplantı, məclis varsa, Hüseyn ordadır. Yol boyu söhbətlərimizdə də bu gün körüklənən etnik tuzağların təkcə Türkiyəyə qarşı deyil, həm də kürdlərə və İslam dünyasına qarşı olduğu, bölgədə sabitliyin və barışın qorunması və möhkəmləndirilməsi, terrorun kökünün kəsilməsi, Türkiyədə türklərin və kürdlərin dinc və qardaşlıq şəraitində yaşaması üçün atılmaılı olan addımlardan danışırkən də mən onun bu məsələlərə həssaslıqla yanaşdığını, bütün ailəsiylə birgə həmişə bölücülüyə qarşı olduqlarını hiss etmişdim.IMG_1647

Hüseyn Büyükfıratın Axıska türklərinə qayğısı, buraların və qaçqın düşərgələrinin yolunu çoxdan unutmuş Türk və Azərbaycan iş adamlarına da bir dərsdir.

IMG_1677Bakı yoluyla geri qayıdarkən düşünürəm ki, sürgünlərin, qəriblik həsrətinin, etnik düşmənçiliyin, terror vəhşiliyinin, savaşların, böyük güclərin dünyanı məhvərindən çıxaran oyunlarının, siyasət dəllallıqlarının içindən keçib gedən və heç vaxt qırılmayacaq bir yol da var. Bu günəşli son bahar günü kimi insanın içini ümid və inamla dolduran, aydın və işıqlı bir yol: İnsanlıq yolu!..
Sabir Rüstəmxanlı

www.yenicag.az

1029
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv