İntensiv yağışlar kənd təsərrüfatı məhsullarına necə təsir edəcək?

“Əgər havanın temperaturu normaldır və torpaqda kifayət qədər mineral maddələr varsa, bütün lazımi elementlər 20-yə yaxın elemendir ki, həm makro, həm də mikroelementlər kifayət qədər olanda, kəndli, fermer aqrotexniki qaydalara əməl edəndə, yağış suyunun yalnız faydası olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında intensiv yağan yağışların kənd təsərrüfatı məhsullarına təsiri barədə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, dünyada qlobal istiləşmə prosesi sürətlə gedir.

“Bu qlobal istiləşmə nəticəsində sular havaya daha çox buxarlanır, buxarlanma prosesi sürətlənir. Hesab edirəm ki, belə intensiv yağışların yağması artacaq. Bu bütün dünyada baş verən bir prosesdir. Elə ölkəmizdə də bunun şahidi olacağıq. Son bir neçə ildə qlobal istiləşmənin nəticəsində bütün dünyada belə hallar baş verir, amma apardığımız müşahidələr göstərir ki, dünyada kənd təsərrüfatı məhsulunun istehsalında artım var. Əlbəttə, davamlı yağışların yağması bəzi sahələrdə bəzi bitkilərin inkişafına mane olur. Eyni zamanda, yağış yağan günlərdə havanın temperaturu da aşağı düşür”, – deyə o əlavə edib.

V.Məhərrəmov qeyd edib ki, əgər havanın temperaturu normaldır və torpaqda kifayət qədər mineral maddələr varsa, bütün lazımi elementlər 20-yə yaxın elemendir ki, həm makro, həm də mikroelementlər kifayət qədər olanda, kəndli, fermer aqrotexniki qaydalara əməl edəndə, yağış suyunun yalnız faydası olur:

“Yəni yağış davamlı olsa da elementlərlə zəngin olan bitki dözümlü, immun sistemi möhkəm, ətraf mühitə, stressə davamlı olur. Belə olan halda da məhsuldarlıq yüksək olur. Yox, əgər kifayət qədər elementlər yoxdur, torpaqda deqradasiya prosesi gedir, toxum kimi istifadə olunan material standartlara cavab vermir, aqrotexniki qaydalara vaxtında əməl olunmursa, əlbəttə, məhsuldarlıq aşağı düşəcək. Bu zaman əldə olunan məhsulların keyfiyyəti də aşağı olur, zərərvericilər, xəstəliklər geniş yayılır. Bunu cari ildə pomidor istehsalında müşahidə etdik. Əldə olunan pomidorun keyfiyyəti aşağı, məhsuldarlıq aşağı düşmüşdü. Xüsusilə şimal bölgəsindən gətirilən pomidorun keyfiyyətində bunu görmüşdük. Bitki də canlıdır. O da qida elementi kifayət qədər olanda stress amillərinə davamlılıq göstərir”.

İsmayıl Bakuvi

COP29