“İnter”-“Zirə” oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Yeniçağ.Az-ın məlumatına görə, açılış oyununda “İnter”lə “Zirə” üz-üzə gəlib. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 40-cı dəqiqədə qonaqlar açıb. Təmkin Xəlilzadənin cinah asmasından sonra Denis Silva topu öz qapısına göndərib. Meydan sahibləri bərabərlik qolunu 47-ci dəqiqədə vurub. Rauf Əliyev qapıçı ilə təkbətəkdən fərqlənib.

74-cü dəqiqədə “Zirə”nin qapıçısı Anar Nəzirov cərimə meydançasından kənarda əllə oynadığı üçün qırmızı vərəqə alıb. Lakin “İnter” say üstünlüyündən yararlana bilməyib. Beləliklə, “Zirə” ardıcıl 3-cü matçında qələbəyə həsrət qalıb. Amma Ayxan Abbasovun baş məşqçi olduğu komanda ən azı bir günlük 23 xalla 4-cü pilləyə yüksəlib. “İnter” isə 33 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “Kəpəz”i qəbul edəcək. Görüş saat 18:00-da başlanacaq. Fevralın 19-da isə “Sumqayıt” – AZAL və “Qəbələ” – “Qarabağ” qarşılaşmaları oynanılacaq.

Yeniçağ.Az