Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A. Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A. Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub.
Kikboksinq idmanı üzrə dünya çempionu olan A. Abidov 2008-ci ildə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşarkən yaralanıb və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb.
Azərbaycanda məhkəmə qarşısına çıxarılan A. Abidov səhhətindəki problemlərlə əlaqədar qısa müddət sonra sərbəst buraxılıb.