“Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləmir”.
Azərbaycan İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, F. Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.
Bu gün intihar etdiyi bildirilən F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, “Farko” şirkətinin sahibidir.
F. Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda yaranıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirib. H. Hacıyev Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını söyləyib.
Qeyd edək ki, bu gün Türkiyə KİV-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə xəbər yayılıb.
Məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.
F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.(APA)