“Qızım Rumiyyə ilə bağlı dünən Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişəm”.
Bu sözləri açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, artıq Sumqayıt şəhər Prokurorluğundan onunla əlaqə saxlanılıb və açılan cinayət işi ilə bağlı ifadə vermək lazım olduğu bildirilib.
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.
Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu “Azəri” hazırlıq kurslarında əlaçı abituriyent olub.
Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.
Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.(modern)