İntihar hadisələrinin mediada işıqlandırılması müzakirə edildi – Mətbuat Şurasında TƏDBİR – FOTOLAR/VİDEO

Bu gün Mətbuat Şurasında ölkə mediasında intihar hadisələrinin işıqlandırılması mövzusunda tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, qurumun İdarə Heyətinin üzvləri və çox sayda media orqanlarının rəhbərləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Əflatun Amaşov ölkədə baş verən intihar hadisələrinin mediada işıqlandırılmasında müşahidə olunan ciddi çatışmazlıqlar bu məsələnin geniş müzakirəyə çıxarılmasını və zəruri addımların atılmasını aktuallaşdırıb.

Mətbuat Şurası sədrinin sözlərinə görə, bir sıra media resurslarında intihar hallarının yolverilməz qaydada detallı təsvir olunması bu sosial bəlanın qarşısının alınmasından çox, təşviq edilməsi qənaəti formalaşdırır. Ona görə bu çatışmazlığın aradan qaldırılması ciddi zərurətə çevrilib.

Daha sonra çıxış edən Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev dünyanın əksər ölkələri ilə müqayisədə Azərbaycanda intihar hallarının minimum səviyyədə olduğunu vurğulayıb. O əlavə edib ki, həqiqətən, bu gün ölkə mediasında intihar hallarının şövqlə təşviq edilməsi, özünə qəsd edən şəxsin necə davrandığı və başqa məqamların açıq göstərilməsi bu bəlanın təşviq olunmasından başqa bir şey deyil. Şəmsəddin Əliyev də bu kimi hallara son qoyulması üçün müəyyən məhdudlaşıdırıcı tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib.

Tədbirdə söz verilən millət vəkili Hikmət Babaoğlu mediada intihar hadisələrinin işıqlandırılmasına bir neçə aspektdən yanaşılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu kontekstdə media orqanlarının qarşısına müəyyən seçim çətinliyi çıxır. Onlar intihar hadisələrinə ya sırf media maraqlarından yanaşmalıdırlar, yaxud da bunun sosial-psixoloji səbəbləri ilə əlaqələrini araşdırmalıdırlar. Millət vəkili tədbirdə səslənən fikirlərlə razılığını bildirərək, bu xarakterli məlumatların işıqlandırılmasında müəyyən qaydaların gözlənilməsinin zəruriliyini diqqətə çatıdırıb.

Müzakirələrə qatılan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Akif Aşırlı, Azər Həsrət Aydın Quliyev mövzu ilə bağlı fikirlərini bildirərək, təkliflərini irəli sürüblər.

Tədbirin sonunda Mətbuat Şurası adından ölkə jurnalistlərinə müraciət qəbul olunub.

MÜRACİƏT

Bakı, 20 iyul 2022-ci il

İntihar hallarının mediada işıqlandırılması ilə bağlı son vaxtlar nəzərə çarpan tendensiyalar narahatlıq doğurmaqdadır. Bu narahatlığı ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var.

Bəzi kütləvi informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki, ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantının iştirakçıları belə yanaşmanın bütövlükdə dövlət və cəmiyyət üçün ziyanlı olduğunu düşünürük. Hesab edirik ki, jurnalist peşəsinə dəyər verən hər bir qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir.

İstənilən hadisənin işıqlandırılması zamanı jurnalistika üçün vacib məqam ictimai maraq amilidir. Dövlətin mənafelərini cəmiyyətin maraqları ilə uzlaşdırmaq, mövcud xüsusda meydana çıxan problem və çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək kimi yanaşma da peşəmizin təbiətindən irəli gələn xüsusiyyətdir. Təəssüf ki, intihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir.

Biz söz və ifadə azadlığının dövlət və cəmiyyət üçün önəmini dərk edirik. Onu da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. İntihar olayı baxış sayı toplamaq, izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir.

Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimalı böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə zidddir. Biz hər bir media təmsilçisini, hər bir KİV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət müstəvisində dərk etməyə çağırırıq. Onu da düşünmək lazımdır ki, insanların dinc birgəyaşam normalarını pozmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq potensialına malik təqdimatların hüquqi müstəvidə də mübahisələndirilmə ehtimalı böyükdür.

Biz, Azərbaycanın aparıcı media orqanlarının təmsilçiləri ölkənin bütün jurnalistlərini, ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxsləri intihar olaylarının təqdimatına son dərəcə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan, fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırırıq. İnanmaq istərdik ki, həmkar təəssübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq, qeyd etdiyimiz neqativ təmayüllərin aradan qaldırılması naminə səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaqdır.

A.Zeynalov