“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik ANALİZ

“InvestAZ” İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də son üç ildə ilk dəfə faiz azaldılmasına gedə biləcəyi proqnozları fonunda avro 1.11$-ın altında ticarət edilməkdədir. Bank faiz azaldılması ilə yanaşı, iqtisadiyyata dəstək üçün istiqraz alışı proqramını bərpa etməsi ilə bağlı açıqlama da verəsə, bu, EUR/USD məzənnəsində ucuzlaşmanı 1.09 və 1.07$-a kimi də sürətləndirə bilər.

Bununla bərabər, Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcələrində faiz azaldılmasına gedə biləcəyi ehtimalları da diqqət mərkəzində saxlanılmalıdır. Son günlər isə bu ehtimallar azalıb.

GBP

İngiltərə parlamentinin cümə günü sazişsiz Breksitin qarşısını alan qanun layihəsi qəbul etməsi, GBP/USD məzənnəsinin 1.23$-da ticarət edilməsinə səbəb olub. Təhlillərə əsasən, sonuncu bahalaşma dalğasından sonra funtun qiymətində 1.21$-a kimi korreksiya müşahidə edilə bilər.

TRY

Türkiyədə inflyasiyanın azalmasına dair müsbət fundamental göstəricilərin açıqlanmasından sonra USD/TRY məzənnəsi keçən həftə ərzində 5.65TL-yə kimi ucuzlaşmışdır. Lakin dolların qiymətlərində möhkəmlənmə, özünü burada da göstərmişdir və məzənnənin yenidən 5.79TL-yə kimi bahalaşması proqnozlaşdırılır.

Cümə axşamı saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir.

OIL

Avropanın Brent markalı neftinin qiyməti sonuncu dəfə 59$-da dəstək görərək, bahalaşmağa başlayıb. 62$-a təklif edilən bir barel üzrə qiymət, 63$ müqavimətini qırarsa, 65$-a kimi də dəyər qazana bilər. ABŞ ilə Çin arasında danışıqların bərpasına dair yeni xəbərlərin yayılması da, burada müsbət əhval-ruhiyyənin daha da artmasına səbəb olur.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada siyasi və iqtisadi risklərin azalmasına təsir edən xəbərlərin dərc edilməsi, əlvan metallar bazarlarında güvənli liman maliyyə aləti qiymətinin avqust ayının orta qiymətlərinə kimi geriləməsinə səbəb olub. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1503$-ı (48.2 $/qram) aşağı istiqamətdə qırarsa, 1475$-a (47.4 $/qram) kimi də ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

COP29