“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ” İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Amerika Mərkəzi Bankının (FED) ilin sonuna kimi əlavə faiz azaldılmasına gedə və istiqraz alışı proqramını bərpa edə biləcəyi ehtimalları, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərini də təzyiq altında saxlamaqdadır. Bu ehtimallar Amerikadan açıqlanacaq fundamental göstəricilərdən asılı olacaqdır. Bu baxımında bu həftə cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan dərc ediləcək iqtisadi inkişaf göstəricisi investorların diqqət mərkəzində olacaqdır.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.10$-ın üzərində ticarət edildikcə, 1.1081$-a kimi də bahalaşa bilər.

GBP

İngiltərə hökümətinin sərt Breksit siyasətinə qarşı ölkə parlamentinin və Avropa ölkələrinin təzyiqi də valyuta birjalarında diqqət mərkəzində olan önəmli hadisələrdəndir. Bu həftə isə İngiltərə ali məhkəməsi parlamentin hökümət tərəfindən tətilə göndərilməsi qərarının qanuniliyinə dair qərar çıxaracaqdır. Bununla yanaşı, hökümətin sazişsiz Breksitin GBP/USD məzənnəsində nəzərə alınmaması, ucuzlaşma ehtimallarını gündəmdə saxlayır. Beləliklə, məzənnə üzrə təhlillər, funt sterlinqin 1.26$-ın altında qaldıqca, 1.23$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

TRY

USD/TRY məzənnəsinin keçən həftə bahalaşaraq, maksimum səviyyəsini yeniləməsi və sözügedən səviyyələrə yaxın ticarət olunması, bahalaşmanın 5.80TL-yə kimi davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir. Keçən həftə ölkədə sənaye və pərakəndə satış dövriyyələrinin də azalmasına dair açıqlanan mənfi fundamental göstəricilər diqqət mərkəzindədir.

OIL

Enerji birjalarında neft qiymətlərində keçən həftə 70$-a kimi volatilliyin artmasından sonra stabilliyin yenidən bərpa edildiyi müşahidə edilir. Bu, hal-hazırda 65$-da ticarət edilən Avropanın Brent markalı neftinin bir barel qiymətinin 60$-a kimi geriləcəyini proqnozlaşdırmağa əsas verir.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Mərkəzi bankların monetar siyasətlərində yumşaltmaya getmələri və prosesin gələcəkdə davam etdirilməsi ehtimalları qızıla olan tələbi də artırır. Əlvan metallar bazarlarında bir unsiya üzrə qiymət artıq yenidən 1516$-ın (48.8 $/qram) üzərində ticarət edilir və 1537$-a (49.4 $/qram) kimi də dəyər qazana biləcəyi ehtimal edilir.

COP29