İnzibati məsuliyyətə cəlb edilən şəxslərin sayında REKORD ARTIM

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74,0 min işə baxılıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bu da 2019-cu ilin göstəricisindən 16,8 faiz çoxdur.

Onların 36,7 faizi idarəçilik qaydaları, 28,3 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,2 faizi yol hərəkəti qaydaları, 3,5 faizi sağlamlıq, 3,3 faizi mülkiyyət, 0,7 faizi gömrük qaydaları, 0,5 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, 2,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.

2020-ci ildə baxılan işlərin 74,0 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18,4 faizinin icraatına xitam verilib, 6,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb, 1,0 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33,4 faiz artaraq, 54,8 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 48,6 faizinə inzibati cərimə, 16,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 16,5 faizinə inzibati həbs, 1,5 faizinə ictimai işlər, 16,8 faizinə isə digər tənbeh növləri tətbiq edilib.