İpoteka kreditlərinə GÜZƏŞT: “Banklara tapşırıq verilib ki…” – Vüqar Bayramov

“Əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın kredit borcu olanlar, bütövlükdə banklar və maliyyə xidmətləri sektoru üçün açıqladığı güzəşt paketini şərh edən deputat Vüqar Bayramov bildirib.

Vüqar Bayramov qeyd edib ki, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək:

“Azərbaycan prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək.

Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri Fondun razılığı əsasında sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni onlara güzəşt tətbiq ediləcək.

Fondun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.

Əsas məqamlardan biri kredit borcu olanlarla bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə edilir.

Sənədə əsasən, bu il martın 1-nə kimi keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq.

Yəni əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir”.

Gülşən Şərif