“İpoteka kreditləri ilə bağlı məsələ daim gündəlikdə olub. Cənab prezident Nazirlər Kabinetinin geniş iclasında ipoteka üçün 200 milyon manat məbləğində əlavə vəsait ayrılacağını bildirdi. Ölkə başçısı bununla əhali üçün çox önəmli bir qərar vermiş oldu”.
Bunu millət vəkili Vahid Əhmədov deyib.
Deputatın Mərkəzi Bankdan aldığı məlumata görə, ola bilsin bunu 350 milyon manata kimi artırdılar: “Bu addım gənclərin evlə təmin olunmasında xüsusi əhəmiyyət kəsb edəcək. Bu, çox önəmli bir məsələdir. Son vaxtlar Milli Məclisdə təklif etmişdim ki, əhalinin mənzilə olan ehtiyacı çox olduğu üçün regionlarda və şəhərlərdə mənzil proqramı işlənib hazırlansın, hökumət bu proqramı təsdiq etsin və insanlar mənzillə təmin edilsinlər. Cənab prezidentin bu barədə tapşırığı lap yerində oldu. Aldığım məlumata görə, şərtlər də müəyyən qədər dəyişdiriləcək.
Ümumi məbləğ ola bilsin artırılsın ki, heç olmasa ikiotaqlı mənzil almaq mümkün olsun. İllik faiz dərəcəsi müəyyən qədər azaldılsın. Bu məsələlərin hər birinə baxılacaq.
Hesab edirəm ki, ipoteka kreditinə belə böyük məbləğin ayrılması Azərbaycanda həm mənzil bazarının inkişafına öz təsirini göstərəcək, həm də gənclərin evlə təmin olunmasında mühüm rol oynayacaq”.
Milli Məclisin üzvü qeyd edib ki, ümumiyyətlə ipoteka ilə bağlı şərtlərin dəyişdirilməsinə ehtiyac var: “Sosial ipotekanın şərtlərinə uyğun olaraq ilkin ödəniş 15 faizdir. 50 min manat pulun 15 faizi 7500 manat edir və gənc bunu nağd şəkildə ödəməlidir. Bu isə çətin məsələdir. Həmçinin ümumi məbləğ 50 min manatdır. Bu pula ev almaq da problemdir. Heç olmasa 80-100 min manat olamlıdır ki, 2 otaqlı ev almaq mümkün olsun. Bu baxımdan faizləri azaltmaq lazımdır ki, insanlar aldığı kreditləri vaxtında ödəyə bilsinlər.
Faizlərin azaldılması ilə bağlı təkliflər var. Bu məsələlər mütəmadi olaraq Milli Məclisdə də səsləndirilib. Aldığım məlumata görə, Gənclər və İdman Nazirliyinin də öz təklifləri var və hökumətə təqdim olunub. Yəqin ki, Maliyyə Nazirliyi, Mərkəzi Bankın rəhbərliyi bu məsələlərə baxırlar və müəyyən müsbət qərarlar qəbul edərlər”-deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin birinci yarısında Respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında Dövlət büdcəsindən ipoteka üçün 200 milyon manat məbləğində əlavə vəsait ayrılacağını deyib.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil/azvision.az/.