Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılacaq.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:
– maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;
– maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;
– maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə Fonda və müvəkkil banka məlumat vermək;
– elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
– Müdafiə Nazirliyinin təklifləri əsasında bu Fərmanla təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ayrılmasını təmin etsin;
– Təsdiq edilən Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görsün.
İpoteka və Kredit Zəmanət Fondu bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.