Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Şıxlinski küçəsinin sakinləri ilə görüşüb. Bu görüşdə də izdiham yaranıb.
Yenicag.az xəbər verir ki, çıxış edən deputatlığa namizəd Şıxlinski küçəsinin problemlərindən və ölkə üzrə bəzi məsələlərdən danışıb. O, bildirib ki, bizim təhsil, səhiyyə və sosial vəziyyətimizdə ciddi islahatlar aparılmalıdır: “Hər bir vətəndaş ildə iki dəfə dövlət hesabına tibbi müayinə olunmalıdır. Abituriyentlər həm magistr, həm də bakalavr təhsilini ödənişsiz almalıdır. Əgər kimsə ikinci dəfə bakalavr oxumaq, ixtisasını dəyişmək istəyirsə, o zaman buyurub ödənişli əsaslarla təhsil ala bilər. Biz Milli Məclisdə olduğumuz müddətdə də bu kimi məsələlərə toxunmuşuq. Əgər yenə də etimad göstərsəniz, mən bu məsələləri hökümət qarşısında qaldıracağam”.
İqbal Ağazadə bəzi müəllimlərə də müraciət edib: “Lütfən xalqın səsinə əl uzatmayın. Sizə nələrsə təklif edə bilərlər, saatlarınızın sayını azaltmaqla, işdən çıxarmaqla hədələyə bilərlər. Sizlər bu oyunlara getməməlisiniz. Sizin iki saat dərsiniz artacaq deyə bu insanların gələcəyini oğurlamayan, seçkidə saxtakarlıq etməyin”.
İqbal Ağazadə onu da qeyd edib ki, bu gün hətta süpürgəçiləri belə hədələyirlər: “Mənim əziz süpürgəçi anam, sənin süpürgəni əlindən almaqla qorxudurlar. Onlara inanmayın. Onlar o süpürgəni aparıb öz əzizlərinə verən deyillər, yenə də sizə möhtac olacaqlar”.
Sonda seçicilər çıxış edərək bildiriblər ki, onlar hamılıqla seçkidə iştirak edəcək və məhz İqbal Ağazadəyə səs verəcəklər.