“İqtidar-müxalifət münasibətlərində yumşalma istisna edilmir” – Proqnoz

“Mürəkkəb bürokratik sistemin sadələşdirilməsinə və idarəetmə xərclərinin mümkün qədər azaldılmasına ehtiyac var”.

Bu fikirləri  politoloq Qabil Hüseynli Yenicag.az-a   prezident seçkilərindən sonrasını dəyərləndirərkən deyib.

O,  ciddi dəyişikliklərin həyata keçirilmə ehtimalının yüksək olduğunu bildirib:

“Seçkilər artıq başa çatıb və nəticələr məlumdur. Bundan sonra əsas diqqət hakimiyyətin qarşıdakı dövrdə yürüdəcəyi siyasətə yönəlib.

Qeyd edək ki, mövcud şəraitdə hakimiyyətin xarici siyasətlə bağlı ciddi problemi yoxdur. Arabir müəyyən problemlər yaransa da, onlar da qısa müddətdə aradan qaldırılır.

Daxili vəziyyətlə bağlı isə görüləsi işlərin az olmadığını düşünürəm. Bildiyiniz kimi, 11 apreldən əvvəl də cəmiyyətdə ciddi gözləntilər yaranıb ki, seçkilərdən sonra ölkədə ciddi dəyişikliklər həyata keçiriləcək.

Dəyişikliklərdən danışarkən, ilk növbədə dövlət idarəetmə mexanizminin çevikləşdirilməsinin zəruriliyi ön plana çıxır. Həqiqətən də, mürəkkəb bürokratik sistemin sadələşdirilməsinə, idarəetmə xərclərinin mümkün qədər azaldılmasına ehtiyac var.

Eyni zamanda, kadr dəyişiklikləri də bəhs etdiyimiz gözləntilərdə mühüm yer tutur. Bu baxımdan, yeni təyinatların və ya yerdəyişmələrin olacağını gözləmək mümkündür.

Bundan başqa, kifayət qədər gərgin olan hakimiyyət-müxalifət münasibətlərində də ciddi keyfiyyət dəyişikliyinin müəyyən əlamətlərini görmək mümkündür. Dialoqun bərpasına dair müəyyən çağırışların yenidən gündəmə gətirilməsi bunu söyləməyə əsas verir.

Hesab edirəm ki, bu gözləntilərin əhəmiyyətli hissəsinin doğrulmaq ehtimalı yüksəkdir”.

A.Zeynalov