“Yelmarla Gəncədən seçilən deputatlar arasında da problem yaşanmaqdadır”
“Partiya tariximiz” layihəsi: Bu layihədə ilk həmsöhbətimiz 1990-ci ilin sentyabrında Təşəbbüs Qrupu yaradılan, həmin il noyabrın 24-də təsis qurultayı keçirilən, 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıdır.
– Partiyanın yaradılması təşəbbüsü necə oldu ortaya çıxdı?
– Bəlli olduğu kimi 1988-ci ildə Ermənistanın və bilavasitə Rusiyanın təhriki ilə Azərbaycanın əbədi ərazisi olan Qarabağın dağlıq hissəsində başlayan erməni separatizmi ilə bağlı Azərbaycanda müqavimət başladı. Bu, sonradan daha da genişlənərək xalq hərəkatına, 20 yanvardan sonra isə milli-azadlıq mübarizəsinə çevrildi. Həmin dövrdə xalqın istək və arzularını həyata keçirmək, eyni zamanda Ermənistanın təcavüzünə və erməni separatizminə qarşı Azərbaycan xalqının müqavimətini vahid axara salmaq və bunu tənzimləmək, idarə etmək zərurəti ortalığa çıxırdı. Bildiyiniz kimi bu prosesi idarə etmək üçün Azərbaycan Xalq Cəbhəsi yarandı. AXC 1989-cu ildə yaradılandan sonra qarşısına bir sıra məqsədlər qoydu. Mən deyərdim ki, hərəkatın ilk dövrlərində AXC demək olar kortəbii xalq hərəkatını bu və ya digər dərəcədə tənzimləyə bilirdi, eyni zamanda regionlara da yayılmaq şərtilə Azərbaycanda bütövlükdə milli-azadlıq mübarizəsini təşkil etmək kimi bir missiyanı öz üzərinə götürürdü. Çünki AXC-nin yaradılmasının təşəbbüskarlarından biri kimi onun qarşısına qoyduğu məqsəd və vəzifə mənim üçün tam aydın idi, ona görə bunu etiraf edirəm. Lakin 89-cu ildə cəbhə yaranandan sonra onun içərisində müxtəlif cərəyanlar meydana gəlməyə başladı, xüsusi olaraq Polyaniçkonun yaratdığı Gənc Alimlər Klubunu qeyd etmək lazımdır, ora akademiyadan gələn Tofiq Qasımov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Zərdüşt Əlizadə daxil idilər, bir də “Varlıq” adlı bir təşkilat yaranmışdı, onun yaradılmasının təşəbbüskarı isə rəhmətlik Əbülfəz Elçibəy idi. Bu təşkilatda Firudin Cəlilov, mən, Vurğun Əyyub və digərləri vardı. Bundan əlavə, neytral müxtəlif adamlar vardı. AXC o zaman müxtəlif qüvvələrin sintezindən yaransa da, sonrakı proseslərin gedişində baxışlarda kifayət qədər fərq əmələ gəldi, hadisələrin gedişinə fərqli münasibətlər ortalığa çıxdı, bir tərəfdə faktiki olaraq İsa Qəmbərin rəhbərliyi altında sanki bir qütb əmələ gəldi, Əbülfəz Elçibəyin rəhbərliyi altında başqa bir qütb yarandı. Bu proses 1990-cı ilin əvvəllərinə qədər davam etdi. AXC-nin 89-cu ilin axırlarında, 90-cı illərin əvvəllərində keçirilən qurultayında İdarə Heyətində və bütövlükdə rəhbərlikdə də çox ciddi qarşıdurmalar əmələ gəldi, bu prosesi də birtəhər yola vermək mümkün oldu. Ancaq sonradan İsa Qəmbər demək olar ki, üstünlük təşkil etdi və hadisələrin gedişi o dərəcədə dramatik xarakter aldı ki, artıq başlanan xalq hərəkatı idarə olunmaz vəziyyətə gəlib çıxdı, bu da 1990-cı il 20 yanvar faciəsinə qədər gəlib çıxdı. Mən yanvarın 12-dən artıq Bakıda deyildim, Tovuzda AXC-nin təşkil etdiyi mitinqdə iştirak etməyə getmişdim. Oradan qayıdanda dedilər ki, artıq ermənilər Xanlar rayonu istiqamətindən hücuma keçiblər. Mən Bakıya qayıtmayıb Xanlara getdim, orada özünümüdafiə dəstələrinə rəhbərlik edənlərdən biri oldum. Biz orada ermənilərə ciddi müqavimət göstərərək Kamo və Azad kəndlərini erməni silahlı qüvvələrindən azad etdik. Çaykəndi də götürməyə hazırlaşanda artıq 20 yanvar hadisəsi baş verdi. Mən buna qədər AXC-nin Ali Məclisinin üzvü idim, 20 yanvardan sonra fövqəladə vəziyyətin elan olunması, Yazovun “mənim məqsədim cəbhənin bütün strukturların məhv etməkdir” kimi aqressiv münasibəti AXC-ni çox iflic vəziyyətə saldı. Mənim və Qurban Məmmədovun təşəbbüsü ilə belə qərara gəldik ki, AXC-ni saxlamaq üçün rayonların birində Ali Məclisin sessiyasını keçirək. Müzakirə vaxtı Ali Məclisin üzvü olan Çingiz Qənizadə bu sessiyanın Ağdaşda keçirilməsinə təminat verdi. Beləliklə, biz Ali Məclisin ilk səyyar yığıncağını çox böyük çətinliklə də olsa fevralın axırlarında, ya da martın əvvəllərində Ağdaşda keçirdik. Orada İdarə Heyətinin üzvü kimi İsa Qəmbər, Pənah Hüseyn, Vurğun Əyyub iştirak edirdilər. İclasda 20 yanvar hadisələri geniş təhlil olundu, mən sual verdim: “İdarə Heyəti haradaydı, artıq Mərkəzi Komitənin qarşısındakı mitinqləri Dövlət Təhlükəsizlik Komitəsinin agentləri olan Vəkil Hacıyev və başqaları idarə edirdilər. Necə oldu ki, İdarə Heyətinin bir hissəsi Çapayev küçəsində otururdu, bir hissəsi Səttarxan zavodunda? Niyə bir hissəsi İdarə Heyəti, bir hissəsi Müdafiə Komitəsi kim fəaliyyət göstərirdi? Bütün bunların hamısı 20 faciəsi ilə nəticələndi və nə üçün siz xalqın önündə olub onu idarə etmədiniz?” Əlbəttə, bu ittihamlara cavab verilmədi. Bundan sonra mənimlə İsa Qəmbərin dəstəsi arasında ciddi fikir ayrılığı əmələ gəldi. Yeri gəlmişkən, buna qədər də bir sıra məsələlərə görə aramızda fikir ayrılığı vardı. Mən 90-cı ilin yanvarına qədər bir neçə dəfə Heydər Əliyevlə əlaqə yaradıb onun Bakıya qayıdıb ölkəni bu bəlalardan qurtarmasını vətəndaş kimi xahiş etmişdim. Cəbhədə bilirdilər ki, Heydər Əliyevlə münasibətim çox yaxşıdır. Təbii ki, onların münasibəti mənfi idi. Beləliklə, aramızda çox ciddi gərginlik yarandı. Mən Ali Məclisdə Səbayel rayonunu təmsil edirdim. İyun ayında İsa Qəmbərin və Vurğun Əyyubun təsiri altında olan bir neçə nəfər mənə qarşı qiyam qaldırdı. Bundan sonra çağırılan konfransda səbəblərini açıqlayaraq AXC-dən istefa verdiyimi, lakin xalq hərəkatında qalıb fəaliyyətimi davam etdirəcəyimi bəyan etdim. Onu da qeyd edim ki, Əbülfəz Elçibəyin xahişi ilə sentyabr ayına qədər AXC Ali Məclisinin katibi kimi işlədim. Hətta məlum qüvvə Elçibəyin istəyinə baxmayaraq, mənim Ali Məclisin müstəqil üzvü kimi qalmağıma da razılaşmadı. Beləliklə, katib kimi də getdim.
Biz buna qədər sonradan qətlə yetirilən polis işçisi Arif Abdullayev, Firudin Cəlilov və Vurğun Əyyubla bir yerə yığışıb partiya yaradılması ilə bağlı fikir mübadiləsi aparırdıq. Bu həm də Elçibəyin ideyası idi. Ancaq çoxları maraq göstərmədiyindən həmin zaman partiya yaratmaq istəyimiz reallaşmadı. Vurğun Əyyub xüsusi olaraq müqavimət göstərirdi. Sonradan bəlli oldu ki, onlar cəbhənin daxilində ŞADP deyilən bir partiya yaradırlar.
– Təbii ki, partiya yaratmaq ideyası vardısa, ad da müzakirə olunmamış deyildi?
– Həmin dövrdə Qabil Hüseynli ilə söhbətimiz olmuşdu. O demişdi ki, gəlin Ana Vətən adlı bir partiya yaradaq, sonra təşəbbüs qrupu yaratdıq. Qabil Hüseynli o zaman Politexnik İnstitutunda (indiki Texniki Universitetdə-red.) kafedra müdiri işləyirdi, Kommunist Partiyasının üzvü idi. Mən həmin vaxt artıq partiya biletimdən imtina etmişdim. Partiya üzvü olmayanlar Təşəbbüs Qrupuna daxil oldular, nizamnamənin, proqramın hazırlanmasında fəal iştirak etməsinə baxmayaraq Qabil Hüseynli isə kənarda qaldı.
– Bu gün demək olarmı ki, Ana Vətən adlı partiyanın yaradılmasının ilk təşəbbüskarı Qabil Hüseynli olub?
– Bunu birmənalı deyə bilmərəm. Bəlkə də bu ideya Qabil Hüseynlinindir. Bəlkə də bu məsələ müzakirələrin gedişində ortalığa çıxıb. Bunu dəqiq xatırlamıram. Ancaq niyyətimiz bir yerdə partiya yaratmaq olub. Məqsəd də Azərbaycanda azadlıq mübarizəsində fəal iştirak etmək, Azərbaycanın dövlət müstəqilliyinə, xalqımızın milli azadlığına nail olmaq idi. Şübhəsiz ki, bu proseslərdə Heydər Əliyev amili birmənalı şəkildə önə çəkilirdi. Onun hakimiyyətə qayıtması məsələsini həm Qabil Hüseynli, həm mən, həm də Təşəbbüs Qrupunun digər üzvləri qaldırırdıq. Yadıma düşmüşkən, Təşəbbüs Qrupunda Hafiz Hacıyev, vaxtilə 26-lar rayon Partiya Komitəsinin birinci katibi işləyən Xəlil Xəlilov də vardı. Proqram və nizamnamənin hazırlanmasında mənimlə Qabil Hüseynlinin rolu xüsusi olub. O, hazırlamışdı, mən redaktə etdikdən sonra müzakirəyə çıxardıq. Beləliklə, 1990-cı il noyabrın 24-də AXC-nin Çapayevdəki qərargahında biz Ana Vətən Partiyasının təsis konfransını keçirdik. Yeri gəlmişkən, bizimlə birgə o zaman Babək Hüseynoğlu da vardı, o da Təşəbbüs Qrupunun üzvlərindən biriydi. Konfransda sədrlik məsələsi gündəmə gələndə Qabil Hüseynli ilə mənim namizədliyim irəli sürüldü. O, Kommunist Partiyasının üzvlüyündən çıxmadığı üçün namizədlikdən imtina etdi, mənim namizədliyimi dəstəklədi, nəticədə yekdilliklə Ana Vətən Partiyasının sədri seçildim. Mütləq bunu qeyd etməliyəm ki, Ana Vətən Partiyası 1990-cı illərdə ölkədə gedən milli-azadlıq hərəkatının gedişinin məntiqi nəticəsi olaraq yaranan siyasi qurumdur.
– Dediniz ki, AXC üzvü olanda, hətta yeni partiya yaranandan sonra Heydər Əliyevin hakimiyyətə qayıdışının ən fəal tərəfdarlarından biri olmusunuz. Sonradan bu məsələ daha geniş şəkildə gündəmə gəldi. Siz isə artıq partiya yaratmışdınız. Onunla görüşlərinizdə Ana Vətən Partiyasına rəhbərlik etməyini xahiş etmişdinizmi?
– Mən, Nizami Xudiyev və başqaları akademik Cəlal Əliyevin indiki Dağüstü parkın ətrafında yerləşən evinə yığışıb dəfələrlə Heydər Əliyevin Bakıya qayıdışının mümkün variantlarını müzakirə etmişik. Bu zaman hərə öz üzərinə müəyyən vəzifə götürürdü. Mən əvvəlcədən Heydər Əliyevin Azərbaycanı yalnız bu fəlakətlərdən çıxara biləcək fenomen şəxsiyyət olduğuna inanırdım. Bizim söhbətlərimizdən birində Heydər Əliyev partiya yaratmağımdan xəbər tutanda dedi ki, partiyanı genişləndirin, gücləndirin, mübarizə aparın, hətta Əbülfəz Elçibəyin prezident seçilməsi dövründə də onu dəstəkləyən şəxslərdən biriydi. Bir qədər əvvələ qayıdıram. Mən Ayaz Mütəllibovun Heydər Əliyevə qarşı aqressiv münasibətini bildiyimdən və onun Azərbaycanda yenidən hakimiyyətə qayıdışında ciddi bir maneə olduğunu dərk edərək Mütəllibovun hakimiyyətdən getməsinə qarşı ən ardıcıl mövqe tutanlardan biri olmuşam. 1992-ci il martın 5-6-da fasiləsiz mitinqlərin təşkilatçıları mənimlə Yunus Oğuz olub. AXC əksinə, o fasiləsiz mitinqlərin tərəfdarı deyildi, məni hətta avantürüst adlandırıdılar. Biz qadınların hesabına mühasirə təşkil edib sonradan kişiləri də cəlb etdik. Ayaz Mütəllibov gedəndən sonra birmənalı olaraq dedim ki, Heydər Əliyev artıq hakimiyyətə gəlməlidir. Ona görə martın 9-da AXC-nin Səbayeldə yerləşən ofisində keçirilən demokratik qüvvələr birliyinin yığıncağında çıxışımda da dedim ki, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edək. O zaman Ülvü Həkimov, Cahandar üstümə hücum çəkib etirazlarını bildirdilər. Buna baxmayaraq, qəti şəkildə dedim ki, artıq hadisələrin gedişi Heydər Əliyevi Naxçıvandan çıxarıb Bakıya gətirir: “Mən onun çəkmələrinin səsini Bakıda eşidirəm. Siz də qulaqlarınızı açın, bu səsi eşidəcəksiniz. Gözlərinizdəki qara eynəkləri götürüb Azərbaycanı bu fəlakətdən qurtarmaq üçün Heydər Əliyevin Bakıya gəlməsinə mane olmayın”. Dediyim odur ki, buna qədər biz Heydər Əliyevlə çox intensiv əlaqələrimiz vardı, onun hakimiyyətə gəlməsi uğrunda mübarizə aparırdıq.
– Dediyiniz kimi, fikirlərinizin üst-üstə düşməməsi səbəbindən AXC-dən uzaqlaşmışdınız, 90-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin mütləq olduğunu iddia etməyinizə baxmayaraq Əbülfəz Elçibəy prezident seçildi, artıq özünüz yeni yaranan partiyanın sədri olsanız da, siz onun hakimiyyətində təmsil olundunuz. Sizin o zaman nazir müavini təyin olunmağınız kimin təşəbbüsü ilə baş vermişdi?
– Bu, rəhmətlik Əbülfəz bəyin istəyi ilə olub. Elçibəy o zaman iki nəfəri – məni və Rafik Turabxanoğlunu komandasında görmək istəmişdi. Onu nəqliyyat nazirinin, məni isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin etdi. Əbülfəz bəy dedi ki, bu iki nəfərin milli-azadlıq hərəkatında böyük xidmətləri var, indi cəbhəçi olmasalar da, öz potensialları ilə dövlət quruculuğunda iştirak etməlidirlər.
– Ana Vətən Partiyasının yaranmasından 24 il ötür. Bu müddətdə sizin hakimiyyətdəki ən böyük vəzifəniz o vaxt olub. Ümumiyyətlə, AVP 24 il ərzində nə əldə edib, Fəzail Ağamalı özü Azərbaycan siyasətinə nə verib?
– Dedim ki, vəzifəyə Əbülfəz Elçibəyin təşəbbüsü ilə təyin olundum. Qeyd edim ki, o zaman Əbülfəz bəy xalq hərəkatı, cəbhə ilə bağlı olmayan insanları da ayrı-ayrı yüksək vəzifələrə gətirmişdi. Ancaq Elçibəyin ətrafında olub həmin dövrdə siyasi hakimiyyətdə əsas rol oynayan şəxslərin müqaviməti nəticəsində Lidiya Rəsulova vəzifədən çıxarılandan sonra mən nazir təyin olunmadım. Elçibəyin də niyyəti bir müddət müavin işlədikdən sonra məni nazir təyin etmək idi. Həmin vəzifəyə tamamilə müstəqil, hərəkatla heç bir bağlılığı olmayan, o zaman “Azərsığorta”nın prezidenti Akif müəllimi gətirdilər. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra onu çıxarıb nazir səlahiyyətlərinin icrasını mənə həvalə etdi. Beləliklə, 93-cü ilin noyabr ayından 1994-cü ilin avqustuna qədər nazir vəzifəsini icra etdim, Surət Hüseynovla məlum qarşıdurmamızdan sonra isə vəzifədən getdim. Sualınla bağlı vacib bir məqama toxunmaq istəyirəm. Ana Vətən Partiyası bütün imkanları və potensialı ilə Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətçiliyin möhkəmlənməsinə xidmət edib. Tam məsuliyyətlə və səmimiyyətlə deyirəm ki, bir çox hallarda biz şəxsi ambisiyalarımızı ümumi məqsədlərə və maraqlara qurban verməyə çox böyük məmnuniyyətlə hazır olmuşuq. Partiyanın nə qazanması məsələsinə verəcəyim cavab isə Azərbaycanın müstəqilliyidir. Ana Vətən Partiyasının qarşısına qoyduğu əsas vəzifə də bu idi. Bundan böyük qazanc, uğur nə ola bilər? Ona görə də məhz 1994-cü ildə artıq Heydər Əliyev hakimiyyəti möhkəmləndirməyə çalışanda Surət Hüseynov baş nazir kimi onunla bir yerdə olmaq əvəzinə ciddi şəkildə maneçilik törədirdi. Onun özünün himayəsindəki qəzetlərdə, xüsusilə Zərdüşt Əlizadə kimilər vasitəsilə Heydər Əliyevin əleyhinə materiallar dərc etdirirdi. Mən 1994-cü ilin aprel ayında “Millət” qəzetinə “Surət Hüseynov istefaya getməlidir” başlığı ilə müsahibə verdim. Bundan sonra aramızda ciddi münaqişə başladı. Həmin müsahibə çıxan günü Surət Hüseynovun Şamil adlı köməkçisi yanına çağırıb bunu mənim dediyimi soruşdu. Mənim “bəli” cavabımdan sonra dedi ki, sən hansı cəsarətlə bunları söyləmisən? Mən də dedim ki, Surət Hüseynov hansı cəsarətlə prezidentin əleyhinə yazılar dərc etdirir, onun əleyhinə iş aparır? Düşünürəm ki, Surət Hüseynova bu gün Azərbaycan dövlətində yeri yoxdur, o baş nazir kimi prezidentin yox, Azərbaycanı istəməyən qüvvələrin yanındadır. Bundan bir müddət keçəndən sonra Etimad Əsədovun rəhbərlik etdiyi Qarabağ Müharibə Əlilləri təşkilatını Surət Hüseynov yığıb oradakı bəzi şərəfsizlərə pul verib, Etimadgil özlərini ləyaqətli aparmışdılar, üzümə durdular, mən nazirliyin pulunu yeməkdə ittiham etdilər. Bunun uydurma olduğunu bildirdim. Nə isə. Surət Hüseynovun köməkçisinə onu da dedim ki, mənimlə işləmək istəmirsinizsə, prezidentə müraciət edin, sərəncam verib məni işdən çıxarsın, bu teatra, komediyaya nə ehtiyac var? Mənə dedi ki, artistliyi sən edirsən. Təbii ki, cavabsız qalmadım: “Artistin ən böyüyü sizsiniz, bu teatrı təşkil etimisiniz”. Üstümə gəldi, Binəqədinin polis rəisi araya girdi, qolumdan tutub maşına tərəf gətirdi. Bir ay sonra Surət Hüseynov yenə həmin Qarabağ əlillərinin və Ramanadakı anadangəlmə əlillərin bəzilərini ələ almaqla onları Azadlıq meydanına yığıb Fəzail Ağamalının istefasını tələb etdilər. Avqust ayının 18-də Prezident Aparatında kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilirdi, vəziyyət artıq çox gərgin idi, prezidentin köməkçisi Eldar Namazova, digər köməkçisinə, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubova yaxınlaşıb xahiş etdim ki, cənab prezidentə deyin, mənim istefamı qəbul etsin. Sonradan hətta tələb irəli sürdülər ki, əgər Fəzail Ağamalı istefaya getməsə biz Prezident Aparatının qarşısına yürüş edib Heydər Əliyevin istefası məsələsini qaldıracağıq. Belə mürəkkəb vəziyyətdə mən Eldar Namazovdan qəti xahiş etdim ki, bu dəqiqə gir prezidentə denən ki, Fəzail Ağamalının istefasını qəbul eləsin. Müşavirənin başlamasından 15-20 dəqiqə keçmiş o zaman ümumi şöbənin müdiri olan Ramiz Mehdiyev əlində bir vərəq gəlib prezidentə yaxınlaşdı, elə orada da işdən çıxmağımla bağlı sərəncamımı oxudu. Beləliklə, mən istefa verdim, iki ay sonra Surət Hüseynovun bütün xəyanətləri üzə çıxdı və nəticəsini bilirsiniz. Etiraf edirəm ki, bu haqda heç vaxt bu qədər ətraflı danışmamışam.
– Bunları soruşmaqda məqsədim var. 24 ildir Azərbaycan siyasətində bir Ana Vətən Partiyası, bir də Fəzail Ağamalı var. Siz cəmiyyətdə partiya sədrindən çox elə öz adınızla, bəzən hansısa qalmaqalda iştirakınızla daha çox tanınırsınız. Bu illərdə partiya sanki kölgədə qalıb. Eyni zamanda, 24 il az müddət deyil, özünüz də deyirsiniz ki, həmişə dövlətçiliyin, Azərbaycanın müstəqilliyinin qorunması üçün çalışmısınız. AVP iqtidaryönlü partiya kimi həmişə hakim Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyib. Koalisiya hökuməti deməyək, AVP-nin sizdən sonrakı tanınmış üzvləri hakimiyyətdə indiyədək təmsil olunmayıblar? İqtidaryönlü partiya olaraq bu, həm də haqqınızdır…
– Bu sualla tez-tez qarşılaşıram. Siz mənimlə razılaşın ki, bütün dünyadada belədir, partiya bir çox hallarda liderləri ilə daha çox tanınır. Əlbəttə, mən partiya quruculuğunda, sonrakı fəaliyyətimizdə əməyi olan, bu və ya digər səbəbdən partiyadan gedən, yaxud dünyasını dəyişənlərin hər birinə çox böyük hörmətlə yanaşıram. Lakin bunların arasında şəxsi maraqlarını üstün tutanlar, maskalananlar, gəlib vəzifə alan kimi simasını dəyişənlər, yaxud yağlı tikəsini tapa bilmədiyinə görə tamamilə xəyanət yolunu tutanlar, yaramazlıq edənlər, böhtan atanlar da olub. Düşünürəm ki, bu da təbiidir, o qədər də narahat etmir, əsəbiləşmirəm. Qeyd etməliyəm ki, ayrı-ayrı adamları çıxmaq şərtilə AVP üzvü kimi hər kəs dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edib. Bizim amalımız qüdrətli, azad, bütöv, demokratik Azərbaycandır. Biz bu amallar uğrunda mübarizə aparırıq. Biz müstəqil və azad Azərbaycanı gördük. Bu Azərbaycanı da güclü dövlətlə qoruyub saxlamaq olar. Kim güclü dövlət yarada bilərsə, biz də onunlayıq. AVP-dən iki nəfər – mən və ötənilki prezident seçkilərinə qədər Zahid Oruc Milli Məclisin deputatı seçilmişik. Biz ikimiz də bu mandata görə partiyaya minnətdar olmalıyıq. Bizim siyasətçi kimi yetişməyimizdə partiya güclü dayaq olub, bizi cəmiyyətə təqdim edib. Şəxsən mən öz inkişafıma görə AVP-nin xidmətlərini unuda bilmərəm. Bizim bəzi funksionerlərimiz ayrı-ayrı vəzifələrə təyin olunublar. Məsələn, bizim partiyanın yaradılması prosesində yaxından iştirak edən Babək Hüseynoğölu AzTV-nin sədri təyin olunmuşdu və sonradan YAP-a keçmişdi. Bizim partiyada olan Gündüz Cəlilov sonralar Xətai rayon icra hakimiyyətinin başçısı işlədi. Hafiz Hacıyev AVP-nin təşəbbüskarlarından biriydi, AXC hakimiyyəti zamanı nazir təyin olunmuşdu.
– Bunlar uzun illər əvvəl olub. Sonrakı dövrlərdə AVP-nin hansısa üzvünə vəzifə verilibmi?
– Sonrakı dövrlərdə təbii ki, hakimiyyətdə bu və ya başqa şəkildə təmsil olunmaq potensialı olan üzvlərimiz YAP-a keçiblər. Biz də həmin insanların Heydər Əliyevin yanında olmaq seçiminə hörmətlə yanaşdıq. Onların arasında indi də vəzifədə olanlar var. Bizim partiyanın üzvləri olan bəzi funksionerlərimiz yüksək vəzifələrdə olmasalar da, idarəetmə sistemində bu gün də iştirak edirlər.
– Konkret adamlar olub ki, AVP-yə yalnız hansısa vəzifə əldə etmək üçün gəlib?
– Bəli, belələri olub. Ancaq adlarını çəkməyə ehtiyac görmürəm. Necə deyərlər, köhnə palan içini eşmək istəmirəm. Çünki bu zaman hər şey ortaya çıxır. Hətta elə adamlar olub ki, ona bütün nəslinin etmədiyi yaxşılığı etmişəm, yenə məndən incik qalıb. Məsələn, eləsi olub ki, deputat seçilmək, yaxud hansısa vəzifəyə getmək istəyib. Amma demişəm ki, bunlar mənim səlahiyyətimdə olan məsələlər deyil.
– 1995-ci ildən bu tərəfə özünüz həmişə deputat seçilirsiniz. Yəqin ki, özünüz də eşitmisiniz, deyirlər, Fəzail Ağamalı heç də bir partiya sədri olduğu üçün yox, daima hakimiyyəti dəstəklədiyinə görə mandat ala bilir…
– Mən belə düşünmürəm, ola bilsin ki, burada Fəzail Ağamalının siyasi keyfiyyətləri, onun siyasi fəaliyyətindəki addımların rolu da var. Şübhəsiz ki, AVP də müəyyən rol oynayır. Bu gün təbii ki, biz YAP-la eyni mövqedən çıxış edirik. Seçkilər dövründə YAP maraqlıdır ki, həm də bir çox vacib məqamlarda onunla bərabər olan partiyaların təmsilçiləri olsunlar. YAP-ın, onun rəhbərliyinin mənə rəğbətini, köməyini çox böyük məmnuniyyətlə etiraf edirəm və bunu çox normal da qəbul edirəm. Lakin bununla bərabər, əlbəttə, Fəzail Ağamalının, AVP-nin özünün də yeri və rolu var. Nə qədər partiya olduğu bəllidir. Bunların arasında neçə partiya YAP-la müttəfiqliyə çalışır, lakin onların cəmiyyətdə nə bir partiya, nə də şəxs olaraq AVP və Fəzail Ağamalı kimi qəbul olunmurlar. Bu elementlərin hamısı mənim siyasi proseslərdə uğur qazanmağımda şübhəsiz ki, mühüm rol oynayır.
– Bir məsələ də var. Hər dairədə orta hesabla 35-40 min seçici var. Fəzail Ağamalı deputat seçiləndə artıq AVP-nin sədri olmaqla yanaşı, həmin seçicilərin təmsilçisi olur. Bu halda partiya kənarda qalır, siz daha çox seçicilərinizin təmsilçisi kimi çıxış etməli olursunuz, üzərinizə daha böyük məsuliyyət düşür. Bu fərqliliyi qəbul edirsinizmi?
– Bəli, mən deputat kimi seçicilərimin, siyasətçi kimi AVP üzvlərinin yanındayam.
– Amma deputat kimi seçicilərinizin problemləri ilə məşğul olmaq daha çox vaxt tələb edir…
– Sözsüz ki, belədir. Məsələ orasındadır ki, bir vaxtlar deputatlar həqiqətən seçildikləri regionlarda sosial problemlərin həllində çox böyük əziyyət çəkirdilər. İndi bu problemlərin əksəriyyəti həll olunub. Bütün bunları dövlət edirsə, onda deputat Konstitusiya ilə müəyyən olunmuş qanunvericilik vəzifəsini yerinə yetirir. Heç bir deputatın vəzifəsi gedib hansısa kəndə qaz, yol çəkmək deyil. Sadəcə olaraq, biz deputat kimi problemləri qabardaraq həllində vasitəçi oluruq.
– İlk dəfə Sumqayıtdan mandat almışdınız, sonrakı 5 ildə Yevlaxdan seçilmişdiniz. İkinci dəfədir Salyan rayon seçicilərini parlamentdə təmsil edirsiniz. Mənim bildiyimə görə, sizin ikinci dəfə Yevlaxdan deputat seçilmək istəyinizin baş tutmamasına səbəb o vaxt həmin rayonun icra hakimiyyəti başçısı işləyən Yelmar Vəliyevlə aranızda qarşıdurma olub. Doğrudanmı, indi Gəncənin ira başçısı olan Yelmar Vəliyev sizin Yevlaxdan ikinci dəfə mandat almağınıza mane olub?
– Sumqayıtda ikinci dəfə namizədliyimi irəli sürməməyimin səbəbi həmin dairənin ləğvi ilə bağlı idi. Mən Yevlaxla bağlı olduğum üçün, orada Zəngəzurdan deportasiya olunan insanlar var, həyat yoldaşım da oradandır, digər qohum-əqrəbalarım da orada yaşayır, b səbəbdən Yevlağı seçməyim təsadüf deyildi. 2000-ci ildə orada seçki yüksək səviyyədə keçirildi, mənim əldə etdiyim nəticə də kifayət qədər yüksək idi, deputat olduğum zaman fəaliyyətim də normal idi. O vaxt Yevlaxda qaz yox idi, qaz çəkilən 20 rayondan biri də Yevlax oldu. Digər problemlərin həllində də icra başçısı ilə bərabər yaxından iştirak edirdim. Sonradan rayona Yelmar Vəliyevi başçı təyin etdilər. O, Gəncə Texnologiya İnstitutunda dərs deyəndə tələbəm olub, münasibətimiz də yaxşı idi. Mənim alternativlərimdən biri də onun qardaşı idi, bu məsələyə görə problem yarandı. Hətta deputat seçiləndə qardaşı məni təbrik etdi, artıq hər şey unudulmuşdu. 2005-ci ildə yenidən namizədlik məsələsi ortaya çıxanda münasibətlər dəyişdi.
– Bəlkə deputat kimi Yevlaxda hansısa problemin həllinə daha çox diqqət vermişdiniz, adətən, icra başçıları deputatların yerlərdə onların işlərinə qarışmasını istəmirlər…
– Yelmar o cür insanlardandır ki, öz hakimiyyətini zərrə qədər də kiminləsə, hansısa şəkildə bölüşdürməyə razı deyil. Onun xarakterində bu var. Məsələn, bildiyim qədər indi onunla Gəncədən seçilən deputatlar arasında da problem yaşanmaqdadır. Bu, ola bilsin ki, onun idarəçilik prinsipindən, xarakterindən irəli gəlir. Hər halda, ikinci dəfə birmənalı olaraq mənə deyildi ki, artıq Yelmar Vəliyev Yevlaxdan seçilməyimə qəti razı deyil, hətta namizədliyim qeydiyyata alınsa, hər cür maneçilik törədə bilər. Bundan sonra prosesləri daha da gərginləşdirməmək üçün Salyan rayonundan namizəd oldum. Artıq ikinci dəfədir bu rayondan deputatam. Şübhəsiz ki, Yevlaxdakı qədər tanınmadığıma görə kifayət qədər çətin şəraitdə Salyandan deputat seçilə bilirəm. Bu uğurun əldə edilməsi 120 nəfərlik komandanın gərgin fəaliyyətinin nəticəsində baş tutub.
– 24 ildir bir partiyanın sədrisiniz, az müddət deyil. Səhv etmirəmsə, bir dəfə demisiniz ki, artıq sədrlikdən getmək fikriniz var. Bu, nə zaman baş verəcək?
– Əlbəttə, gedəcəyəm, bunun da bir zamanı yetişəcək. Yəqin ki, bir-iki il içərisində bu məsələ həllini tapacaq.
– Təbii ki, yerinizə namizəd gördüyünüz adam da var?
– Yox, heç kimi görmürəm. Mən, sadəcə olaraq indi daha çox gənci partiyaya cəlb etməyə çalışıram, artıq xeyli gənc gəlib. Baxaq görək, iki il ərzində kim özünü doğruldur.
– Hətta iddia edirlər ki, siz oğlunuzu sədr kimi yerinizə gətirmək istəyirsiniz?
– Oğlum 16 yaşından AVP-nin yaradılmasında iştirak edib. Elçin Bakı Dövlət Universitetinin beynəlxalq hüququnu qurtarıb. Eyni zamanda, İdarəetmə Akademiyasının idarəçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycanın hüquq-mühafizə orqanları sistemində işləyib. Bu sistemdən uzaqlaşandan sonra sərbəst olaraq iş adamı kimi fəaliyyət göstərmək istəyib. O, hüquq-mühafizə orqanlarında işlədiyi müddətdə partiya ilə rəsmi əlaqələrini dayandırsa da, hər zaman düşüncəsi ilə partiya ilə bərabər olub. İki il əvvəl onun təşəbbüsü ilə struktur dəyişikliyi edilərək partiyanın aparatı yaradılıb. Dövlət partiyanın maliyyələşməsinə vəsait ayırandan sonra həmin aparatın fəaliyyətinin gücləndirilməsinə imkan yaranıb. O, həm təşkilatı məsələlər üzrə müavin, həm də aparatın rəhbəridir. Mən istəmirəm ki, atası olaraq onun haqqında tərifli fikirlər söyləyim. Çünki bunu subyektiv fikir kimi qarşılayanlar ola bilər, bu, həm də etikadan kənar olardı. Əgər özünü cəmiyyətdə siyasətçi kimi təsdiqləyə bilsə, yolu açıqdır. Ancaq mənim oğlum olduğuna görə orada oturmalı deyil. Ondan böyük olan ikinci oğlum Yalçın da var, tarix üzrə fəlsəfə doktorudur, Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra isə İqtisad Universitetini qurtarıb. Hazırda İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyir, 15 ildən çoxdur idarəçilik təcrübəsi var. Əgər oğlumdan söhbət gedirsə, elə onu da gətirib sədr qoya bilərəm.
– Belə deyək, AVP də sizə övladlarınız qədər doğmadır. Bu səbəbdən təbii, istərdiniz ki, sizdən sonra partiyaya daha çox inandığınız, etibar etdiyiniz birisi rəhbərlik etsin. Bu, ürəyinizdən keçməmiş deyil…
– Tam məsuliyyətlə deyirəm, oğlum olduğuna görə yerimə onun seçilməsini arzulamıram. Düşünürəm ki, Elçin oğlum olaraq siyasətdə öz yerini tapa bilər. Əgər yerini taparsa, ona uğurlar arzulayıram. Hər kəs qabiliyyətinə görə yerini tutursa, məncə, cəmiyyətdə normal qarşılanır.
– Digər məsələ, iki ildən sonra sizin yerinizə oğlunuz yox, başqa birisi seçilir. Bu zaman AVP-nin siyasi arenadan gedəcəyi ilə bağlı tərəddüdləriniz yaranmayacaq?
– Mən istəmirəm ki, digər partiyaların taleyini AVP də yaşasın. Ora elə adamın gəlməsini arzulayıram ki, həmin şəxs AVP-nin ənənələrini və fundamental prinsiplərini davam etdirsin.
– Siz tarixçisiniz, ixtisasınız üzrə işləmisiniz, 24 ildir siyasətdəsiniz. Bəlkə, Fəzail Ağamalı siyasətə gəlməyib tarixçi kimi çalışsaydı, daha çox uğur əldə edə bilərdi? Bu haqda nə zamansa düşünübsünüz?
– Mən elmi araşdırmaçı olmamışdan əvvəl siyasətə qoşulmuşdum. Biz universitetin tələbəsi kimi artıq 1969-cu ildən siyasətin içindəydik. Biz o zaman Əbülfəz Elçibəylə bərabər Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan “Varlıq” təşkilatının üzvlərindən biriydik. Elçibəyin indiki hərbi hospitalın arxasında qaldığı evə gecələr toplaşırdıq. Sonralar müəllim işləyəndə də siyasətdən dərs deyirdim. Baxmayaraq ki, böyük çətinliklərlə üzləşmişəm, bu yolu seçməkdə peşman deyiləm. Açıq deyirəm, indi istəmirəm ki, oğlum siyasətlə məşğul olsun. Çünki siyasətçi çox çətinliklərlə üzləşir, bunları dəf etməli olur. Həm də bir çox hallarda əvəzi verilməyən bir peşədir. Bəzən siyasətçini olduğu kimi qiymətləndirmirlər. Məsələn, əgər siyasətçinin fəaliyyəti müəllimin əmək haqqının artırılmasına xidmət etmirsə, sənə nifrət edirlər. Unutmaq olmaz ki, cəmiyyətdə hər zaman şəxsi maraqlar üstünlük təşkil edir. Ola bilsin ki, mən üst qatda daha çox hörmət qazanıramsa, alt qatlarda bəlkə də mənə hansısa məmurun yaramazlığına görə nifrət edirlər. Bütün bunlara baxmayaraq, mən keçmiş ömrümə baxanda zərrə qədər peşmanlıq çəkmirəm. Xalqımızın azadlığa qovuşmasında, müstəqil dövlətçiliyimizin yaranmasında və onun möhkəmlənməsində, xalqımızın həqiqətən həyat şəraitinin yüksəldilməsində, Azərbaycanın dünya miqyasında aparıcı dövlətlərdən birinə çevrilməsində zərrə qədər də əməyim olubsa, buna görə böyük şərəf duyuram. (modern.az)
Azər Hüseynbala