“Mərkəzi Bankın dövriyyəyə buraxacağı 200 manatlıq əsginasın üzərində digər nominallı əsginaslarda olduğu kimi “© АМВ 2018” işarəsi qanunvericiliyimizə ziddir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən pul nişanları müəlliflik hüququnun obyekti deyil. “©” (“copyright”) işarəsi isə əsginaslarımızın guya müəlliflik hüququ obyekti olduğunu göstərir. Belə ki, sözügedən Qanunun 8-ci maddəsinin 2-ci bəndində deyilir: “Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi – ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il”.
Yenicag.az bildirir ki, bu barədə iqtisadçı-ekspert Əkrəm Həsənov öz feysbuk hesabında məlumat verib. O,
Mən hələ 5 il əvvəl bu məsələni qaldırmışdım. Bunun əsasında dəyərli həmkarım vəkil Qanqa İbrahimov Mərkəzi Banka və Müəllif Hüquqları Agentliyinə sorğu da vermişdi. Hər iki qurum sorğuya çox cəfəng cavab vermişdi. Həmin cavablardan görünürdü ki, müəlliflik hüququnun mahiyyətini belə başa düşmürlər.
Belə ki, Mərkəzi Bank o zaman aşağıdakı arqumentləri gətirmişdi:
1. Manatın üzərində “copyright” işarəsinin olmasına baxmayaraq, pul nişanları ona görə müəlliflik hüququnun obyekti deyil ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna görə “müəllif” əsərin yaradıcısı olan fiziki şəxsdir. Yəni Mərkəzi Bank fiziki şəxs deyil, ona görə də işarənin olması heç də fiziki şəxs olmayan Mərkəzi Bankın manata dair müəlliflik hüququna iddia kimi qəbul edilə bilməz.
Əslində isə müəlliflik hüququna yalnız bilavasitə müəllif olmayan şəxs də, o cümlədən hüquqi şəxs də malik ola bilər. Bu həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndində, 8-ci maddəsinin 2-ci bəndində və digər müddəalarında açıq-aydın təsbit olunub.
2. Manatın üzərində “copyright” işarəsi pul nişanlarının “bədii tərtibatında istifadə olunan bir elementdir və kiminsə müəlliflik hüququnu deyil, qanunvericiliyə uyğun olaraq tədavülə buraxılan pul nişanlarının dizaynının Mərkəzi Bank tərəfindən müəyyən edilməsini, həmçinin pul nişanlarının buraxılış ilini əks etdirir”. Faktiki olaraq, Mərkəzi Bank “© АМВ 2018” işarəsini 3 hissəyə bölür: 1) “©” işarəsi hüquqi deyil, yalnız estetik məna daşıyır; 2) “AMB” işarəsi manatın dizaynının kim tərəfindən müəyyən edilməsini göstərir; 3) “2018” işarəsi isə əsginasın buraxılış ilini ehtiva edir.
Lakin yuxarıda qeyd etdiyim Qanunun 8-ci maddəsinin 2-ci bəndinə Qanuna əsasən bu işarənin konkret hüquqi mənası var. Bu da müstəsna müəlliflik hüququdur və bu zaman “2018” əsginasın buraxılış ilini deyil, müvafiq dizaynın ilk dəfə buraxılış ilini göstərir. Belə çıxır ki, Mərkəzi Bank Qanunda təsbit edilən işarədən tam fərqli mənada istifadə edir.
Eyni məntiqlə manatın üzərində “Yol hərəkəti haqqında” Qanunda təsbit edilən yol nişanlarını da yerləşdirmək və onların yalnız bədii tərtibatın elementi olmasını iddia etmək olardı. Axı həmin nişanların da Mərkəzi Bankın yazdığı kimi “digər məqsədlər üçün istifadə olunmasına hər hansı qadağa yoxdur və istifadə üçün qeydiyyata alınma, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilmə tələb olunmur”. Gülməlidir axı! Qanun deyirsə ki, hansınsa işarənin/nişanın konkret hüquqi mənası var, fərqli iddialara yer yoxdur. Ən azı ona görə ki, işarəni/nişanı görən şəxsdə yanlış təsəvvür yarada bilər.
3. Avroda da “bu dizayn elementindən istifadə olunur”.
Bəli, çünki orada qanunvericilik imkan verir. Bizim Qanun isə deyir ki, pul nişanları müəlliflik hüququnun obyekti deyil. Nəyi isə yamsılayanda ilk növbədə yerli qanunu oxumaq lazımdır!
Agentliyin də cavabı çox gülməli idi:
1. “© işarəsi bildiriş xarakteri daşıyır və onun olub-olmaması heç bir hüquqi əhəmiyyət kəsb etmir”.
Necə ola bilər ki, bildirişin hüquqi mənası yoxdur?! Buna görə də sadə dilə çevirəndə təxmini belə başa düşmək olar: manatın üzərindəki “copyright” işarəsi hüquqi cəfəngiyatdır!
2. Dövlət rəmzlərinin və nişanlarının, o cümlədən pul nişanlarının da yaradıcılıq prosesinin obyekti kimi konkret müəllifi var (bununla razıyam təbii). Və guya manatın üzərindəki copyright işarəsi məhz buna dəlalət edir: “işarə müəlliflik hüququ obyektinin Mərkəzi Banka məxsusluğu barədə bildiriş (informasiya) mənasında başa düşülür”, “işarə yalnız şəxsi (mənəvi) hüquqları ifadə edir”.
Lakin sözügedən Qanuna əsasən müəllif yalnız fiziki şəxs ola bilər, çünki yaradıcılıq prosesi ilə yalnız o məşğul ola bilər. Məgər Mərkəzi Bank fiziki şəxsdir? Xeyr. Deməli, müəllif də ola bilməz. Müəllif deyilsə, niyə yanlış bildiriş (informasiya) verir?!
Beləliklə, ötən 5 il ərzində nə Qanuna dəyişiklik oldu, nə də Mərkəzi Bankın əsginaslarına. Üstəlik indi yenisini də qanun pozuntusu ilə buraxacaq. Qaydalarında məbləğləri dollarla göstərən, habelə devalvasiyaya yol vermiş Mərkəzi Bank milli valyutamıza həqarəti davam etdirir. Üzərində Elman Rüstəmovun imzası olan milli valyutamıza…”