“Assist Finans” İnvestisiya şirkətinin direktoru, iqtisadçı ekspert Cəfər İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti – iqtisad fakültəsində (TİF) təhsil alan tələbələrə “Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanları” mövzusunda master-klass keçib.
Yenicag.az xəbər verir ki, görüşdə tələbələrlə yanaşı, AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, TİF fakültəsinin dekanı dosent Turan Aslanova, dekan müavini Ayyət Abdullayev və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva da iştirak edib.
Qonaq mövzuya uyğun olaraq Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanlarından bəhs edib. Azərbaycanın kapital bazarındakı peşəkar iştirakçılara diqqət çəkib, bundan başqa o, qiymətli kağızların növlərindən söz açıb. Həmçinin C.İbrahimov kapital bazarında aparılan əməliyyatın sxemini təqdim edib və buna dair müfəssəl izahlar verib.
İnvestisiya şirkətinin əsas xidmətlərinə toxunan təlimçi qeyd edib ki, bu sahəyə əsasən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi daxildir.
IPO (İlkin Kütləvi Təklif) və onun üstünlükləri barədə də informasiya verən təlimçi tikinti və iqtisadiyyat sahələrində həyata keçirilən layihələr və onların icra mərhələlərindən də danışıb. Layihənin emitent və investor üçün üstünlüklərini sadalayıb. Bununla yanaşı, C.İbrahimov korporativ istiqrazlar, kapital bazarında investisiyaların bank əmanətləri ilə müqayisəsi və üstünlüklərinə dair təfsilatlı, dolğun məlumatlar verib.
İnteraktiv formada təşkil olunan görüş sual-cavab formatında davam edib və sonda xatirə fotosu çəkdirilib./medianews.az