“İqtisadi artım tempinin 4 faizə çatacağı ağlabatan deyil” – Vüsal Qasımlıya etiraz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 4 faizə qədər artacaq. İİTKM rəhbərinin sözlərinə görə, növbəti il təkrəqəmli inflyasiya qeydə alınacaq:

“2018-ci il üçün dövlət və özəl investisiyaların həcmi artacaq, Azərbaycanın tranzit imkanları genişlənəcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında gələn il üçün Azərbaycanda iqtisadi inkişaf tempinin 4 faiz olacağı ilə bağlı verilən proqnozla razılaşmadığını bildirdi. Onun fikrincə, artım tempi daha aşağı həddə olacaq:

“Azərbaycanda 2018-ci ildə iqtisadi inkişafın 4 faiz olması ehtimalı çox azdır. Hökumətin özü gələn il üçün 1,5 faizlik artım proqnozlaşdırıb. Hasilatın azalması fonunda burada neft sektorunun payı kiçiləcək. Çünki növbəti ildə də ölkəmizin neft hasilatının azalması proqnozlaşdırılır. Qeyri-neft sektorunda isə ən yaxşı halda 2,5 faizlik yüksəliş nəzərdə tutulur. Bütün bunların fonunda gələn il üçün ölkəmizdə iqtisadi artım tempinin 4 faizə çatacağı ağlabatan deyil. Bu mənada beynəlxalq maliyyə qurumlarının proqnozları da hökumətin proqnozlarına yaxındır. Dünya Bankı gələn il ölkəmizdə 0,6 faizlik artımın olacağını düşünür. İnflyasiya səviyyəsi isə təxminən 10 faiz olacaq.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, gələn il ölkədə inflyasiya 6,1 faiz olacaq. Asiya İnkişaf Bankı isə Azərbaycanda 8, Dünya Bankı isə 10 faizlik inflyasiya olacağı qənaətindədir. Alıcılıq qabiliyyətinin zəif olması və sosial təyinatlı ayırmalar üzrə həcmin azlığı inflyasiyanın aşağı həddə olmasını şərtləndirən əsas amillərdir”.

ELÇİN

COP29