“İqtisadi artım tempinin yüksəlməsi üçün investisiya axını daha da sürətləndirilməlidir” – Elşad Məmmədov
“İqtisadi inkişafın dayanıqlı olması üçün daxili resurslara söykənən yerli investisiyaların həcmi artırılmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın iqtisadiyyatındakı davamlı artım tempini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Prezident İlham Əliyev ötən gün bəzi rayonlara yeni təyin olunan icra hakimiyyətinin başçıları ilə keçirdiyi qəbulda ölkə iqtisadiyyatında artım tempinin dünya miqyasinda rekord göstərici olduğunu vurğulayıb:
“Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, 15 il ərzində – 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir.
Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik”.
Dövlət başçısının bu fikirlərini dəyərləndirən professor Elşad Məmmədovun sözlərinə görə, ölkə iqtisadiyyatında müşahidə olunan artımın əsas səbəbi həyata keçirilən neft strategiyası və ölkəyə birbaşa daxil olan irihəcmli xarici investisiyaların çoxalmasıdır:
“Son 15 ildə ölkənin iqtisadi artım tempi kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Ümumi Daxili Məhsul (ÜDM) istehsalı və iqtisadi artımındakı müsbət göstəricilər göz qabağındadır.
Bu illər ərzində iqtisadiyyata kifayət qədər əhəmiyyətli təsir göstərən amillər sırasında “Əsrin müqaviləsi” xüsusi qeyd olunmalıdır.
Bu nəticələrlə yanaşı, Azərbaycanın qeyri-neft sektoru, qeyri-xammal və yüksək texnoloji sektorun inkişafı sayəsində dünya iqtisadiyyatı ilə mübadilədə daha ekvivalent göstəricilərə nail ola bilərik.
Eyni zamanda, investisiya axınının sürətləndirilməsi müsbət təsirlərə səbəb ola bilər. Ona görə də, daxili investisiya resurslarının intensivləşməsi və daxili kreditləşmənin aktivləşdirilməsi reallığa çevrilə bilər”.
Gülşən Şərif