İqtisadi enişə təsir edən amillər – Manatın devalvasiyası baş verəcək?

“Türkiyədə baş verən zəlzələ fonunda fevral ayında da Azərbaycan iqtisadiyyatında iqtisadi enişin baş verməsi gözləniləndir”.

Bu sözləri ölkənin mövcud iqtisadi vəziyyətinə toxunan iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 2023-cü ilə iqtisadiyyatımız gözlənilmədən enişə düşdü:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəl müşahidə olunan iqtisadi artım bu ilin birinci ayında iqtisadi enişlə əvəzlənib. Nəticədə Azərbaycan iqtisadiyyatı 1.5 faiz kiçilib. Bu kiçilmənin əvvəldən proqnozlaşdırıldığını düşünmürəm. Bu enişə təsir edən amillər odur ki, neft-qaz sektorunda 4.6 faiz azalma, qeyri-neft sektorunda isə 1.7 artım qeydə alınıb. Bu artım bütünlükdə Ümumi Daxili Məhsula (ÜDM) əhəmiyyətli dərəcədə təsir etmir və buna görə də iqtisadi artım aşağı düşüb. İqtisadiyyatın kiçilməsi arzuolunan deyil və bu proses davam edərsə, ölkə iqtisadiyyatında tənəzzülə səbəb ola bilər.

Türkiyədə baş verən zəlzələ fonunda fevral ayında da Azərbaycan iqtisadiyyatında iqtisadi enişin baş verməsi gözləniləndir. İqtisadiyyatın zəifləməsi manatın məzənnəsinə təsirsiz ötüşməyəcək. Bu gedişlə gələn il manatın devalvasiyası baş verə bilər. Devalvasiyanın qarşısını almaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir”.

Gülşən Şərif