İqtisadi münasibətlərdə siyasi çalarlar: “Azərbaycan bir tərəfdaşdan asılı qalmamalıdır, çünki…” – ŞƏRH
“Gələcəkdə fermerlərimiz məhsulların satışı üçün digər bazarların axtarışında olmalıdır”.
Bu fikirləri Rusiyanı Azərbaycanın ixracat partnyoru kimi gələcək mövqeyini dəyərləndirən iqtisadi ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı ixracı sahəsində əsas tərəfdaşlardan biridir. İxracatın əsas hissəsini pomidor, kartof və digər meyvə-tərəvəz məhsulları təşkil edir:
“Gələcəkdə baş verən iqtisadi proseslərin bu sahəyə problemlər yaratması ehtimalı var. Bu gün davam edən Rusiya-Ukrayna müharibəsi fonunda ölkə iqtisadiyyatının zəifləməsi, Rusiya banklarının SWIFT-dən ayrılmasıyla ödənişlərin çətinləşməsi və digər bu tipli problemlər müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan ixracatda bir tərəfdaşdan asılı qalmamalıdır. Gələcəkdə fermerlərimiz məhsulların satışı üçün digər bazarların axtarışında olmalıdır. Çünki bu tipli ticarət riskli sayılır. Onlayn ticarət də bu baxımdan əlverişli hesab olunur. Bütün bunlar iqtisadiyyatımızın inkişafı üçün müsbət addım olar. Çünki hazırda müharibənin uzanması və Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlı qeyri-müəyyənlik müşahidə edilir. Bəzən Rusiya iqtisadi münasibətlərə siyasi çalarlar da qataraq məhsullarımızın ixracına müəyyən bəhanələrlə qadağalar qoyur. Bununla da fermerlərimiz çox zərər görürlər”.
Onun sözlərinə görə, dövlətin bu yöndə gördüyü tədbirlər önəm daşıyır:
“Həmçinindövlət tərəfindən qeyri-neft sektorunun inkişafıyla bağlı müəyyən qərarlar verilir və bu kimi addımları daha da intensivləşdirmək lazımdır. Bu yöndə subsidiyaların və güzəştli maliyyə dəstəklərinin ayrılmasını da müşahidə edirik.
Hazırda gedən proseslər kənd təsərrüfatı məhsulları ixracının artmasını deməyə əsas verir. Lakin gələcəkdə gübrə və pestisidlərin daxildə istehsalıyla bağlı müəyyən işlər görməliyik. Çünki bu məhsullar xaricdən, xüsusən Rusiya və Ukraynadan idxal olunur və burada yaşanan qiymət artımı daxili bazara mənfi təsir göstərir”.
Yusif Səmədzadə