İqtisadi proseslərdə QEYRİ-SABİTLİK: “Dollar da öz mövqeyini qoruyub saxlayacaq”

“Hazırda qlobal məkanda baş verən proseslər iqtisadi sabitlik mərhələsinə keçidin baş verdiyini deməyə əsas verir”.

Bu sözləri rusiyalı iqtisadçı Mixail Xazinin növbəti qlobal iqtisadi böhranla bağlı fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O, həmçinin bildirib ki, bəzən də iqtisadiyyatda məhsulların qiymət dəyişikliyinə spekulyativ proseslərin təsiri də olur:

“Hazırda dünyada gedən iqtisadi proseslərdə volatillik müşahidə edilir. Bu ilin proqnozlarına əsasən son 6 ayda dünya iqtisadiyyatında, əsasən də Avropa iqtisadiyyatında müəyyən geriləmə halları yaşandı. Lakin hazırkı proqnozlara görə, Avropa iqtisadiyyatında ilin sonunadək 1 faiz artım müşahidıə olunacaq və gələn ildən bu artım 1,7 faiz nəzərdə tutulub. Çünki böyük iqtisadiyyatları təşkil edən güclər – Avropa regionu, İnkişaf Etmiş Ölkələrində (İEÖ) yeni iş yerlərinin açılması və iqdisadiyytaın bərpası yönümündə işlər görülüb. Ötən il baş verən Rusiya-Ukrayna müharibəsi, avronun dəyərdən düşməsi, qiymət artımı, inflyasiya kimi amillər öz təsirlərini göstərirdi.

Hazırda qlobal məkanda baş verən proseslər iqtisadi sabitlik mərhələsinə keçidin baş verdiyini deməyə əsas verir. Bunu həm də dünya maliyyə qurumlarının proqnozları təsdiq edir. Əlbəttə ki, ABŞ dünyanın böyük dövlətlərindən biridir və bu gün dünyada dolların məzənnəsinin möhkəmlənməsini müşahidə edirik. Buna görə də düşünürəm ki, investorlar hər zaman olduğu kimi daha sabit və güclü valyutaya yatırım etmək istəyirlər. Dollar da öz mövqeyini qoruyub saxlayacaqdır.

Buna baxmayaraq proqnozlar gələn ildən avroda da artım templərinin olacağını göstərir. Onun üçün də hər hansısa proseslər fonunda təlatümlər yaşanmasa, az da olsa, artım templəri müşahidə olunacaq. Həmçinin dünyada inflyasiya səngidikcə, qiymətlər sabitləşəcək. Ölkələrə məxsus mərkəzi banklar sərt maliyyə siyasətləri yürütdü ki, bu da inflyasiyanın qarşısını almağa yönədilmişdi.
Bəzən də iqtisadiyyatda məhsulların qiymət dəyişikliyinə spekulyativ proseslərin təsiri də olur. Buna görə də hazırda dünyada sabit valyuta olan dollara tələbat çoxdur. Amma hesab etmirəm ki, yarana biləcək böhran riski ölkəmizə təsir etməyəcək. Azərbaycanın makroiqtisadi göstəriciləri, büdcə gəlirləri, məzənnə, neftdən daxil olan gəlirlər, xarici borcun azlığı bizə onu deməyə əsas verir ki, hazırda ölkədə böhranla bağlı əhəmiyyətli təsirlər yoxdur”.

Yusif Səmədzadə