“Bakıda mənim üçün çox vacib olan bir neçə güc yeri var”.
Bu fikirləri Yenicag.az-a müsahibə verən Rusiya Federasiyasının Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Hafizyanovna Ayupova bildirib.
Yenicag.az-ın suallarını cavablandıran xanım nazir əvvəlcə bu vəzifəyə necə gəlməsindən danışıb. O bildirib ki, Mədəniyyət Nazirliyində çoxdan işləyir və işini məsuliyyətini dərk edərək sevir.
Jurnalistin “nazir kimi zərif cinsin nümayəndəsi olaraq idarə etmədə çətinliklərlə qarşılaşıbmı” sualına belə cavab verib:
“Mən gender nöqteyi-nəzərindən baxanda burada fərq görmürəm, mənim qadın olmağım işimdə çox kömək edir. Əsas insan olmaq, insan kimi qalmaqdır. Vəzifəni vicdanla idarə etmək, tabeliyində olan məmurlarla insan kimi və düzgün davranmaqdır. Biz öyrəşmişik eşitməyə ki, “məmurlar robotdur, bürokratdır”. Mədəniyyət naziri adi məmur ola bilməz”.
Ayupova ailəsi barədə də danışıb və qızının onu işinə qısqandığını vurğulayıb.
“Qızım mənə deyir ki, sən işini, aktyorları, rejissorları, işçilərini, direktorları bizdən çox sevirsən. Ancaq onlar bunu başa düşürlər. Mən onlarla səmimi davranıram, qayğı göstərirəm, diqqət ayırıram. Mənim qadın kimi həyatdakı missiyam işimdə çox kömək edir”, – xanım nazir qeyd edib.
İradə Ayupova iş rejimindən də bəhs edib və günün istənilən vaxtı, hətta gecələr də, istirahət edəndə işlə məşğul oldunu bildirib.
Əslən bakılı olan xanım nazir doğlub boya-başa çatdığı doğma şəhəri haqqında xatirələrini bölüşüb. Jurnalistin “Bakı üçün darıxırsınızmı?” sualına Ayupova deyib:
“Azərbaycana tez-tez gələ bilmirəm, Bakıda çoxdan olmamışam, amma əlaqəni kəsmirəm. Çalışıram ki, 1-2 ildən bir Bakıya gedim, qrup yoldaşlarımla görüşüm. Axı mən universiteti Bakıda bitirmişəm.
Bakıda məni üçün vacib olan yerlər var. Həyətimiz, Serebrovski, indiki Qaraçuxur, valideynlərimin dəfn olunduğu məzarlıq. Bir də müqəddəs bir yer var ki, oranı da mütləq ziyarət edirəm. Orada olmaq mənim üçün vacibdir. Bu yerlər mənim üçün güc yeridir”.
Nazir işinin çoxluğuna baxmayaq Bakıda keçiriləcək Tatarıstan günlərində iştirak etmək istədiyini bildirib.
Xanım Ayupova qardaş Azərbaycan xalqına arzularını çatdırıb:
“Biz 30 ildir Azərbaycandan köçmüşük. Biz tatar olsaq da, hər il “Novruz bayramı”nı qeyd edirik. Bir yerə yığışıq, paxlava, şəkərbura, şorqoğal bişiririk.
Plov dəmləyirik, arzu tuturuq, papaq atırıq, burada heç kim başa düşməsə də.
Paxlava bişirmək, şəkərburanın üzərinə naxışlar vurmaq – bu, ancaq Azərbaycana məxsusdur. Mən bu adəti çox sevirəm, hamı bir yerə yığışır, birlikdə bayram şirniyyatları bişirir. Bu, ailə bağlarını möhkəmləndirir, sevgini artırır.
Arzu edirəm ki, biz bu bağları, kökümüzü, adət-ənənəmizi itirməyək, möhkəmləndirək”.
Sonda o, jurnalisti Tatarıstana dəvət edib.
Daha ətraflı videonu təqdim edirik:
Xuraman Etibarlı