İran-Azərbaycan sərhədində TƏLİM: “Sözlü yox, əməli cavab veririk” – RƏY

“İrana bildiririk ki, Azərbaycanın da güclü ordusu var. Say deyil, ordunun keyfiyyəti vacibdir”.

Bu sözləri İranın təxribatlarına qarşı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat və Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədlərimizdə hərbi təlimlər keçməsini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan İrana sözlü yox, əməli cavab verir:

“44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra İran heç cür həzm edə bilmir ki, torpaqlarımızı azad etmişik. İki il ərzində İran Quru Qoşunları bütün silahlardan istifadə etməklə hərbi təlimlərini keçiriblər. Ən son 40 minlik qoşunla hərbi təlimlər keçirdilər. 30 ilə yaxın müddətdə İran tərəfindən o ərzilərdə heç bir hərbi təlimlər olmamışdı. Azərbaycan tərəfi buna sakit reaksiya verdi. İctimaiyyət narahat olsa da, dövlət səbrlə davrandı. İran qoşunlarının hərbi təlimlərdən əvvəl İran generalları Azərbaycanın ünvanına hədə-qorxu ilə çıxışlar etdi. Buna da rəsmi Bakı heç bir münasibət bildirmədi.

Azərbaycan ordusunun döyüş hazırlığı planına əsasən hərbi təlimləri var. Bu hərbi təlimləri təkcə Araz çayı boyunca deyil, hər istiqamətdə həyata keçiririk. Bu günlərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədimizdə təlimlərə başlaması onlara da bir siqnaldır. İrana bildiririk ki, Azərbaycanın da güclü ordusu var. Say vacib deyil. Ordunun keyfiyyəti vacibdir. İsraildən 15 dəfə ordusunun sayı çox olan dövlət bu ölkəyə qalib gələ bilmədi. XTQ-nin hərbi təlimləri təkcə İran üçün deyil. Döyüş hazırlığı üzrə planlar var. Bu planlara uyğun olaraq hərbi təlimləri keçiririk.

DTX də İran cəsuslarına qarşı əməliyyat həyata keçirdi. Hansıkı elə cəsusların sayı çoxdur. Onların bəziləri qaçıb İranda gizləniblər. Bu hallar yolverilməzdir və dövlət qurumları bu tip şəxslərə qarşı amansız davranmalıdır. Onları aşkarlayıb cəzalandırmalıdır. Elan olundu ki, İran səfirinin maşınında təbliğat xarakterli kitablar, kasetlər gətirilir. Buna da cavab olmalıdır. Necə ola bilər ki, diplomatik maşında Azərbaycanda təbliğinə icazə verilməyən kitabları və digər vasitələri bu ölkəyə keçirirlər. Bu da cavabsız qalmamalıdır”.

Səxavət Məmməd