İran Azərbaycan və Rusiya ilə elektrik enerjisi barter edəcək

İran Azərbaycan və Rusiya ilə elektrik enerjisinin barterini müzakirə edir.

Yenicag.az xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian 22-ci İran Beynəlxalq Elektrotexnika Sərgisinin açılışı mərasimində bildirib.

Onun sözlərinə görə, İrana elektrik enerjisi lazım olarkən onu Azərbaycan və Türkmənistandan idxal edə bilər: “İzafi elektrik enerjisini isə başqa ölkələrə ixrac edə bilərik. Təbii ki, biz elektrik enerjisi üçün əvvəlki müqavilələri icra etməyə davam edəcəyik”.

Nazir İrandakı enerji istehlakına gəlincə isə bildirib ki, ölkənin enerji sənayesinin disbalans və iqtisadi artım baxımından yaxşı vəziyyətdədir: “Elektrik enerjisi sənayesində daxili nailiyyətlər unikaldır və ilk dəfə İslam ölkəsində əldə olunub. İranda enerji 100 % xarici mənbələrdən asılı idi. Lakin bu sahə sürətli inkişaf edib və bu sənayedə olan hissələrin, avadanlıqların və qurğuların təxminən 95 %-i yerli istehsal olub”.

Nazir həmçinin bildirib ki, Rusiya ilə də İranın elektrik şəbəkələrinin ilkin sinxronizasiyası başa çatıb. O, əlavə edib ki, Rusiya və Azərbaycan İranın elektrik şəbəkələrinin birgə sinxronlaşdırılması üçün də texniki tədbirlər həyata keçirilir: “Elektrik şəbəkələrinin sinxronlaşdırılması və qoşulması İranda enerji sisteminin sabitləşməsinə kömək edəcək. İran İslam Respublikası layihənin texniki sektorlarının inkişafı ilə məşğuldur”.

Qeyd edək ki, Qərbi Asiya enerji bazarının əsas oyunçularından biri kimi İran hazırda regionda əsas güc mərkəzi kimi yüksəlir. Çünki ölkə öz enerji sistemini qonşu ölkələrlə sinxronlaşdırmaq üçün hərtərəfli plana əməl edir. 2019-cu ilin noyabr ayında İran milli elektrik şəbəkəsini sinxronlaşdırılan ilk qonşu ölkə İraq olub.