“İran Azərbaycandakı tərəfdarlarına cihad fətvası çıxaracaq”

Güntay Gəncalpdan Yenicag.az-a günümüzdəki hadisələrlə bağlı sensasiyalı müsahibə

60320_435259063787_431108_n“Sünnilərdən boşalan İraq İran deməkdir”

 Azərbaycanda son yaşanan dini vəziyyəti və İranın Azərbaycan və regiona təsirini politoloq-araşdırmaçı Güntay Gəncalp ilə bərabər analiz edirik. Yenicag.az-ın suallarını cavablandıran Güntay bəy tarixin işığında günümüzün suallarına cavab verir.

–         İranın Azərbaycan və regiondakı fəaliyyətinə münasibətiniz necədir və bu region üçün təhlükədirmi?

 –         İraqdakı gəlişmələr İranın şiə geopolitikasından yararlanma fikrini daha da gücləndirdi. İran şiə rejimi həm iç, həm də Yaxın Şərqlə ilgili şiəçiliyi qabartmağa başlamışdır. Başqa alternativi də yoxdur. Çünkü Səfəvilərdən bəri İran şiə dünyasının güvəndiyi ölkə olmuşdur. İslam ölkələrində özünü basqı altında hiss edən şiələr gedib İranda sosial status qaznmış, öz ölkələrinə qarşı İran rejimi əməkdaşlıq etmişlər. İranda 1979-cu il şiə üsyanı baş verdiyində, hətta sünni türkiyəlilər də İrandan ilham alırdılar. Ancaq zaman hər şeyi ortaya qoydu və Xomeyni rəhbərliyində baş verən qiyamın mahiyyəti ortaya çıxdı. Azərbaycan-İran münasibətində İran açıqca şiə geopolitikasından yararlanmaqdadır. Azərbaycan əhalisinin çoxunun şiə olması da İran üçün bu fürsəti yaratmaqdadır. Şiəlik şüuru gəlişən hər fərd bir ayətullahdan təqlid etməlidir. Azərbaycanda İran ayətullahlarından təqlid edən yüz minlərcə insan var. Demək olar ki, İslamda olmayan bu mərsiyə və ağlaşma ədəbiyyatının mətnləri İrandan gəlir. Qarşımızdakı illərdə bu, daha da güclənəcək. Bu da Azərbaycan üçün ciddi təhdiddir. Çünkü təsəvvür edin milyonlarca Azərbaycan vətəndaşının ağlı bir mollanın əlində əsir olmalıdır. O molla “qalxın itihar əməliyyatına girişin, ya da rejimə qarşı cihada çıxın” söyləsə, bu əhali inancları gərəyi deyilənlərə əməl etməlidir. Təqlid məcrasına girdikdən sonra fərd psikolojik xəstəliyə düçar olur, fərdiyyəti ölür, mənliyi yox edilir və bir ayətullahın ağlından keçən fikirlərin köləsinə dönüşür. Belə xəstə bir insan üçün fərdi, sosial və milli həyat önəm daşımaz. Önəmli olan təqlid etdiyi mollanın düşüncəsinin həyata keçməsidir. Bunun üçün də hər növ şiddətə əl ata bilər. Bu baxımdan İran mərkəzli şiə anlayışı Azərbaycan və onun milli mənfəətləri üçün təhlükədir. Təəssüf ki, ölkəmizin bir çox insanı bu xəstəliyə yoluxubdur.

–         Suriyada və İraqda qətliamlar törədən İŞID-ın İranla da əlaqəli olduğu söylənir. Bu barədə düşüncələriniz maraqlıdır…

–         Səddam sonrası İran İraqa çox müdaxilə etdi. İndiki İraq tarixi baxımdan Sasani imperatorluğunun mərkəzi ərazisi idi. Sasanilərin paytaxtı Bağdadın yanında olmuş. İran bir tərəfdən bu tarixi xatirələrindən yola çıxaraq, bir tərəfdən də sünniləri İraqdan uzaqlaşdıraraq uzun vədədə İraqa sahib çıxmaq istədi. Bunu da oradakı şiələr və şiə yönətim vasitəsi ilə gerçəkləşdirirdi. Bir məktəb təmizlikçi işləyən sünnini belə işindən uzaqlaşdırdılar. On minlərcə işsiz qalan sünni ailə İraqı tərk etdi. İranın da planladığı bu idi. İraq sünnilərdən boşalaraq tam şiələşib İranın kölgə dövləti olmalı idi. Sünnilərdən boşalan İraq İran deməkdir. Nəzərə alınsa ki, İraqda sünnilər azlıqdadır, 20-30 il içində İraq sünnilərdən tam olaraq boşalmalıdır. Müxtəlif sünni ərəb ölkələrində İraq sünni ailələr yaşam mücadilləsi vermək zorunda qalmış. IŞİD-in ortaya çıxması İran üçün böyük təhlükədir məncə. Çünkü IŞİD Kərbəla və Nəcəfdə şiələrin müqəddəs sandıqları məqbərələri bombalarsa, İran İraqa girmək zorunda qalacaq. Lakin savaşa girmək asan deyil. İraqa girsə, nə çıxa biləcək, nə də orada bir iş görə biləcək. Çünkü bu dəfə Ərəbistanla və digər ərəb ölkələri ilə qarşı-qarşıya gələcək. Kürdlərin bu durumda Türkiyə ilə bütünləşməkdən başqa bir çarələri qalmayacaq. Çünkü İranın qarşısında kürdlər, ancaq Türkiyə sayəsində həyatda qala bilərlər. İranın İraqa girməsinə ərəb dünyası göz yummaz. Kərbəlada məqbərələr dağılar və İran girməzsə, yenə də başı dərdə girər və İranın şiə dünyasına sahib çıxma imajı yerlə yeksan olar. Bu üzdən bölgədə heç bir ölkə İraq məsələsi ilə bağlı İran qədər çıxmazda deyildir. İranın ekonomisi savaşın öhdəsindən gələcək durumda deyildir. Xalq da savaş istəməz. İranda şiə ideologiyası iqtidarda olsa da, xalqda köklü sekulyar duyğu və düşüncələr gəlişmişdir. Xalq molla-kapitalist sinfinin rejimindən məmnun deyil və xalqın tam əksəriyyəti İraqdakı sözdə müqəddəs məkanlarla ilgilənmir. Çünkü İslamda müqəddəs məkan yoxdur, müqəddəslik ancaq Allaha məxsusdur.

–         Son günlər İŞID-ı bəhanə edərək Azərbaycanda çıxarılmaq istənilən qarşıdurmada İranın rolu varmı?

–         İran, şiə mərkəzli bütün hərəkətləri açıq və dolaylı olaraq dəstəkləməkdədir. Azərbaycana molla ixrac etməkdədir. Minlərcə gənc adam İranın dini mərkəzlərində oxutdurulub kadrlaşdırılaraq geri göndərilməkdədir. Geri dönən bu gənclərin düşüncə və hətta dilləri də iraniləşir. İranda yetişib geri dönənlərin danışıq tərzlərinə diqqət etmişəm, sanki onlar da İrandakı türklər kimi öz dillərində təhsil almamış və tam olaraq farsizə edilmiş bir üslubla danışırlar. Bunların hamısı siyasi təhlükə olmaqdan öncə dilimiz və kimliyimiz üçün mədəni təhlükədir. Azərbaycan da İslam ölkələri cərgəsinə daxildir və burada da bəzi müsəlman ölkələrinin missionerləri var. İran onların önünü kəsərək Azərbaycanı məzhəbi baxımdan öz kültür hövzəsində tutmağa çalışır. Azərbaycandakı qarşıdurma hələ başlanğıcdır. İraqda hadislər inkişaf edər və İran İraqa girərsə, o zaman Azərbaycandakı qarşıdurmalar daha da şiddətlənəcək. İran arxa tərəfində güvənlik olsun deyə Azərbaycandakı şiə tərəfdarlarına cihad fətvası çıxaracaq. Azərbaycanı asan bir şəkildə və iç sükunətlə Türkiyəyə qapdırmaq istəməz. Bu üzdən Azərbaycanın ziyalıları, hökuməti, sekulyar kəsimi çox diqqətli olmalıdır.

–         Sabirabadda bir dindarın küçənin ortasında saqqalının kəsilib özünün də döyülməsi İranın vaxtı ilə gizli etdiyi terrorçulığu açıq şəkildə etməsi anlamına gəlirmi? Nədir onları bu qədər cəsarətli edən?

–         Hansı məzhəbə aid olursa olsun, birinin saqqalını zorla qırxıb onu aşağılayan qrup hər şeydən öncə Azərbaycanın anayasasını çeynəmiş olur. Qanunları saymır. Bu cəsarəti bir yerdən almalıdırlar. Çünkü dövlətə meydan oxumaq asan iş deyil. Arxasında dəstəkləyici güc olmazsa, kimsə belə cəsarətli hərəkət edə bilməz. Deyək ki, lap o saqqallı öz dini görüşlərini təbliğ etmək üçün Sabirabada getmiş. Bu, onun haqqıdır. Hər hansı bir fikir zorakılığa əl atmır, kimsənin haqqını pozmursa, bəyan edilmə haqqına sahibdir. Ölkəmizin qanunları belə yazılbdır. Azərbaycan İran deyil. İranda bir adamın adı “Ömər” olsa Təbrizdə, Tehranda onu hotelə də buraxmazlar. Ya da başqa məzhəblərin təbliğ haqqı yoxdur. Təsəvvür edin ki, İranda 18 milıyon sünni var, ancaq bunların Tehranda bir tək məscidləri yoxdur. Fitir bayramında Tehran sünniləri Pakistan səfirliyinin nəzdindəki məsciddə namaz qılırlar. Sonra məsciddən çıxan bir çox sünni ziyalıları Pakistana casusluq adı ilə yaxalyıb işkəncə edirlər. Ancaq Azərbaycan İran deyil, Azərbaycanda hər bir məzhəb və din; krişnaizmdən tutmuş, xristianlığın və İslamın fərqli axımlarına qədər aqressiv davranmadıqları sürəcə bəyan haqlarına sahibdirlər. Hər hansı bir məzhəbi cərəyanı yasaqlamaq da bir qrupun işi deyil, dövlətin vəzifəsidir. Dövlət hansısa bir axımı öz mənafeyinə qarşı görərsə, onun qabağını almalıdır.

–         Baxmayaraq ki, Azərbaycandakı şiə liderlərin əksəriyyəti, o cümlədən sizin bir vaxtlar incik olduğunuz İlqar İbrahimoğlu da çox zamanında davranaraq, bu hadisələrə ilk etiraz edənlərdən oldu və fitnənin yayılmaması çağırışı etdilər. 

–         İlqar bəyin və dostlarının 1993-cü ildə Futurologiya institutundan məni zorla arabaya mindirib aparmaları və yolda da yaralamaları olmuşdur. O zaman mən İrandan yeni gəlmişdim və İnstitutda İran haqqında danışırdım. Danışıqlarım İlqar bəy və arxadaşlarının xoşuna gəlmədiyi üçün belə hərəkət etdilər. Lakin mən bunları unutmuşam. Hətta onları bağışlamışam da. O zamandan bəri mənim düşüncə həyatımda da çoxlu dəyişikliklər olmuşdur. İlqar bəyin dini söhbətlərinin bir neçəsini dinlədim. Mənə görə, onun İslam anlayışı İrani şirklə iç-içə girmişdir və mənim üçün önəmli olan budur. Ölkəmizi irani kimliyin bataqlığına sürükləyən ölçülər və Sasani milliyətçiliyi mərkəzli İslam anlayışı İlqar bəyin zehnində yuvalanmışdır. Qum və Tehran mərkəzli İslam anlayışıdır və bu anlayışdan bizim xalqımıza bir xeyir gəlməz. O zehniyyət ölkəmizi İrançılıq bataqlığına sürükləməkdədir.

Müsahibəni qələmə aldı:

Azər ADİLOĞLU