İran cavab əməliyyatına hazırlaşır – Gözlənilən hücum hansı coğrafiyanı əhatə edəcək?

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsi Yaxın Şərqdə çox böyük gərginlik yaratdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi İsrail nəşrlərinin İranın bu həftə İsrailə zərbələr endirəcəyi ilə bağlı yayımladığı məlumatları şərh edib.

Məsələyə münasibət bildirən İ. Hüseynovun fikrincə, Qərb mətbuatı dəfələrlə bununla bağlı yazıb ki, İran öz arsenalında olan gücündən istifadə etməklə İsrailə cavab tədbirləri həyata keçirəcək:

“Belə ehtimallar bu gün də qalmaqdadır və zaman keçdikcə, İranın daha çox güc topladığını, yaxud müəyyən genişmiqyaslı əməliyyatlara hazırlıq gördüyü haqqında da proqnozlar verilir. Mənə elə gəlir ki, İran bu və ya digər formada cavab vermək hüququnu əlində saxlayır. Lakin İsrail və onun əsas strateji müttəfiqi olan ABŞ-nin cavab tədbirlərindən bir qədər çəkinir. Çünki İranın nüvə obyektləri, nüvə tədqiqatları ilə məşğul olan laboratoriyalar, beyin mərkəzlərinin hamısı məhv edilə bilər. Onsuz da rəsmi Təl-Əviv əvvəldən də bildirirdi ki, İranın bütün nüvə obyektləri məhv edilməlidir və müəyyən zaman kəsiyində İran üçün bu kimi çağırışlar getdikcə artır. Tehran administrasiyası da məhz bundan çəkinərək, müəyyən qədər öz əməliyyatlarını təxirə saldı”.

Politoloq hesab edir ki, bu və ya digər formada İran cavab verəcək:

“Hətta İsrailin müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Austin ilə görüşündə demişdi ki, İran cavab əməliyyatına hazırlaşır. Amma bu əməliyyatın hansı coğrafiyada baş verəcəyi, habelə hansı qüvvələr vasitəsilə icrası hələ də sirr olaraq qalır. Eləcə də kəşfiyyat məlumatları bununla bağlı dəqiq fikir bildirmirlər. Digər tərəfdən, qeyd etmək lazımdır ki, İranın İsrailə hər hansı bir şəkildə güclü cavab verməsi Tehran administrasiyasının özü üçün də risklər formalaşdırır. Ona görə də, ola bilsin ki, İran baş verən proseslər fonunda susqunluqla özünü daha böyük təhlükələrdən qorumaq haqqında düşünməkdədir”.

Rafi Müslümov

COP29