İran-Ermənistan işbirliyi: “Gedib öz işləri ilə məşğul olsunlar” – Deputatdan SƏRT MÖVQE

“İran Azərbaycanın daxili işinə qarışmaq, ərazisində atacağı addımlara qərar vermək iqtidarında olan ölkə deyil”.

Bunu İran XİN rəsmisi Nasir Kənaninin “İran Laçın dəhlizi ilə bağlı məsələnin Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə operativ həllinə ümid edir” açıqlamasına münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranın belə bəyanat verməsi yalnız düşmənçilik münasibəti ilə bağlı deyil:

“İran mahiyyətcə Fransadan sonra üçüncü erməni dövlətidir. İranı ermənilər idarə edir. Ermənistanın ABŞ-də fəaliyyət göstərən lobbisi ruhani liderlərə Amerikanın İrana qarşı siyasətinin yumşalması üçün hansı addımları atacaqları ilə bağlı təlimat verir.

İran bu gün ABŞ ilə ziddiyətdə görünən, lakin o ölkənin nəzarəti altında onun maraqlarını təmin edən ölkədir. Diqqət etsək, İranın bəyanatlarının Avropa İttifaqının, Fransanın bəyanatlarından fərqli olmadığını görərik. Bir mərkəzdən idarə olunurlar. Belə açıqlamalar boşuna və mənasızdır”.

“İran Azərbaycanın daxili işinə qarışmaq, ərazisində atacağı addımlara qərar vermək iqtidarında olan ölkə deyil. Azərbaycan buna əhəmiyyət vermir.

Belə açıqlamalara boş-boş danqıldayan “boçka” kimi baxırıq. Gedib öz işləri ilə məşğul olsunlar. İnsanlara zülm verən ölkələrində ədaləti bərpa etsinlər!”, –  deyə deputat bildirib.

Nəsimi Ələsgərli