İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur ki, davam edir. Bu müddət ərzində azı 378 etirazçı həlak olub, daha çox insan yaralanıb. 15 minə yaxın şəxs həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində sərt rəftara məruz qalırlar.
Yenicag.az xəbər verir ki, CNN jurnalistləri saxlanılanlardan biri, aksiyalarda iştirak edən 20 yaşlı qızla danışıb. O, polis bölmələrində cinsi zorakılıqlar barədə danışıb.
Kürd mənşəli Xana (CNN-in məlumatına görə, təhlükəsizlik məqsədilə adı dəyişdirilib) adlı qız saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Bununla belə o, təcridxanada cəmi bir gün keçirib.
Xananın saxlandığı ərəfədə onun anasına Mahabad şəhərindəki həbsxananın yüksək rütbəli əməkdaşı olan tanışı zəng edib. O, qadını heç bir halda qızlarını etirazlarda iştirak etmək üçün evdən buraxmamağa çağırıb, çünki İran həbsxanalarında qadınlarla çox pis rəftar olunduğunu deyib.
Xəbərdarlığa baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadınlar kimi hicabını açıq şəkildə yandırıb. Onunla birlikdə daha 30-40 qadın, eləcə də 13-14 yaşlı yeniyetmələr polis bölməsinə aparılıb. O bildirib ki, əsasən yeniyetmələr cinsi zorakılığa məruz qalıb. Xana özü də həbsdə cinsi zorakılığa məruz qalıb.
Xananı həbsdən atası çıxarıb və o, İrandan qaça bilib. Baş verənlərə baxmayaraq, Xana başqalarından daha şanslı olduğuna əmindir. CNN yazır ki, bir çox məhbus “İranın qarışıq həbsxana sistemində” yoxa çıxır. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki, son illər İranda yüzlərlə insan yoxa çıxıb.
İtkin düşənlərdən biri də 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Səlahiyyətli şəxslər bildirir ki, polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov kokteyli” aşkar edib.
Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini düz bağırsağından aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Onun məsələsi ictimailəşəndə polis qızı xəstəxanadan aparıb. Məlumatlara görə, o, yerli həbsxanaya köçürülüb, lakin bu məlumatın təsdiqi yoxdur.