!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-İsrail münaqişəsi: Təl-Əviv ABŞ-ni müharibəyə çəkə biləcək?

!Reklam – Yazi

“İsrailin bu dəfə də ABŞ və ətrafında olan qüvvələri İrana qarşı müharibəyə çəkə bilməyəcəyi dəqiqdir”.

Bunu Yenicag.az-a açıqlamasında İran-İsrail hərbi münaqişəsinin mümkün nəticələrini şərh edən politoloq Əlimusa İbrahimov deyib.


Onun sözlərinə görə, istər Yaxın Şərqdəki prosesləri izləyən hərbi mütəxəssislərin qiymətləndirmələri, istərsə də ABŞ-dən gələn açıqlamalar deməyə əsas verir ki, İranın İsrailə hazırki hücumu apreldəkindən daha güclü idi.
“Bunu İsrailin hava hücumundan müdafiə sistemlərini dəlib keçən İran raketlərinin sayının çox olması da təsdiq edir. Birinci hücum zamanı İsrail hərbçiləri ABŞ və Böyük Britaniyanın yardımı sayəsində raketlərin demək olar ki, hamısının vurulması haqqında məlumat verdi. İndi isə çox hissəsinin vurulması barədə danışırlar. Fərq göz qabağındadır. Təl-Əvivdən canlı verilən reportajlarda da İsrail ərazisinə düşən raketlərin miqdarının bu dəfə daha çox olduğu öz təsdiqini tapır. Bir sözlə, İran hərbçiləri artıq müəyyən təcrübə əldə ediblər.

Hər dəfə də bu təcrübəni daha çox təkmilləşdirəcəklər”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, İsrail hücuma layiqli cavabın veriləcəyini bildirir.

“Lakin cavabın hansı səviyyədə olacağı barədə yalnız hipotezlə söyləmək mümkündür. İsrail rəhbərliyinə ABŞ və Böyük Britaniya kimi müttəfiqləri ilə məsləhətləşmələr lazımdır. Yalnız bundan sonra İrana cavab zərbəsi endirilə bilər.

ABŞ-nin verəcəyi məsləhət isə indidən məlumdur – genişmiqyaslı müharibədən qaçmaq. Maraqlısı isə Tel-Əvivin Vaşinqtonu dinləyib-dinləməyəcəyidir”, – deyə o əlavə edib.
Ə.İbrahimov vurğulayıb ki, İsrailin ABŞ-nin tələblərinə qulaq asmayıb, öz bildiyi kimi hərəkət edəcəyini qabaqcadan söyləmək mümkün deyil.
“Ancaq İsrailin bu dəfə də ABŞ və ətrafında olan qüvvələri İrana qarşı müharibəyə çəkə bilməyəcəyi dəqiqdir. Çünki noyabrda keçiriləcək prezident seçkilərinə qədər Yaxın Şərqdə istənilən müharibə demokratlar üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Yəni İsrail yenə də İrana lokal raket zərbəsi endirməklə kifayətlənəcək. Əks halda, koalisiya qüvvələrinin ciddi etirazı ilə qarşılaşa bilər.
Əlavə olaraq İranın bu hücumu İsrailin Livandakı əməliyyatına da təsir etmək imkanına malikdir. Tehran daha da irəli gedərək Tel-Əvivə Beyruta qarşı hərbi əməliyyatları dayandırmaq barədə ultimatum verə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv