İran İsrailə niyə hücum etmədi? – Tehranın siyasi olmayan SƏBƏBLƏRİ

Qərb mediası İranın İsrailə mümkün cavabını avqustun 10-13-ü arasında olacağını iddia edirdilər.

Xüsusilə onlar iddia edirdi ki, Tehran İsrailə cavabı yəhudi təqvimində ən ağır gün hesab edilən “Tişra Baev” günündə, yəni avqust ayının 9-cu günündə verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Qərb mediası hesab edirdi ki, İran bununla da İsrailin və yəhudilərin ən ağır tarixi günündə ona zərbə endirməklə, simvolik davrana bilərdi, amma Tehran buna getmədi:

“Yalnız bunun səbəbi siyasi deyil, həm də tarixi-mədənidir. “Tişra Baev” gününün əsas qayəsi odur ki, Babil şahı Süleyman məbədini dağıdır və beləliklə, yəhudilər öz torpaqlarından qovulur, onlar icma xalqına çevrilirlər. Yəhudi diasporunun başlanğıc günü də məhz bu gün hesab edilir. Amma eyni zamanda, Babil şahının təqibindən yəhudiləri xilas edən, onlara sığınacaq verən, təhlükəsizliklərini təmin edən və Süleyman məbədini inşa etməyə çalışan Sasani şahı Kir olub. Yəhudi tarixində Kir müqəddəs şəxs hesab edilir”.

Kanalın analitiklərinin fikrincə. İran bu gündə yəhudilər üçün xilaskar imicindədir və onlar xilaskar olduğu bu tarixi gündə buna gedə bilməzdi:

“İran rejimi hər zaman qeyd edir ki, onun yəhudi xalqı ilə problemi yoxdur, əksinə, problem “sionist rejimi” ilədir. Yəni Tehran sionizmlə yəhudiliyi biri-birindən fərqləndirir. Məşhur deyimdə deyildiyi kimi, “bütün sionistlər yəhudidir, amma bütün yəhudilər sionist deyil”.
İranda böyük yəhudi icması var və onlar Kirin xatirəsini dərin ehtiramla yad edirlər. Yəni bu keçmiş mədəni bağlar yəhudilər və farslar arasında əsas amildir. Amerikanın solçu yəhudi icması İran mədəniyyətinə və tarixinə dərin rəğbət bəsləyir və burada Kir xüsusi rol oynayır. Bu solçu yəhudilər Amerikanın İrana qarşı daha sərt siyasətinin hər zaman qarşısını alırlar”.

“İran belə bir gündə addım atmaqla öz xilaskar imicinə xələl gəlməsinə və yəhudilərlə münasibətlərdə bu tarixi mədəni üstünlüyü əldən verməyi seçə bilməzdi. Hər kəsə bəllidir ki, İran keçmiş imperiyaları İslam və şiə libasına salmaqla bölgəni idarə edir. Beləliklə, Tehran həm geosiyasi reallıqları, həm də mədəni faktorları nəzərə alır. Ona görə də Tehran öz dövlətçilik ənənələrinə uyğun olaraq, özünə uyğun zamanda cavab verməyə üstünlük verəcək.

Şübhəsiz ki, gecikmiş cavabın da çəkindiricilik və caydırıcılıq gücü azalır və bu qarşı tərəfi daha radikal addımlara vadar edə bilər. Buna görə də İran cavab verəcəksə, yaratdığı gözləntilərin doğrulması üçün daha nüfuzlu cavab verməlidir”, – deyə məqalədə qeyd olunub.

Rafi Müslümov

COP29