İran kürd referendumunu dəstəkləyən Ermənistanı cəzalandıracaq?

İşğalçı Ermənistan İraq Kürdüstanında keçirilən referendumdan sonra müstəqil Kürdüstanın yaradılmasında maraqlı olduğunu bəyan edib. Bu məsələdə, İrəvanın tutduğu mövqe aydındır. Bununla onlar əslində, özlərinin separatçı hərəkətlərinə haqq qazandırmağı, habelə digər separatçılar və onlara arxa duranlar tərəfindən dəstək almağı düşünürlər. Bu fikri ortaya atmaqla İrəvan tək Türkiyə yox, həm də ona yaxından kömək edən İrana xəyanət etmiş olur. Hansı ki, Tehran kürdlərin sözügedən separatçı əməllərinə qarşı çıxaraq, İraqın ərazi bütövlüyünü dəstəkləyib. Müsəlman ölkəsi sayılan İrandan yardım alan Ermənistan isə göründüyü kimi haqqında söhbət açdığımız məsələdə Tehrana sərf etməyən başqa yolu tutur.

Bu vəziyyətdə Tehran Ermənistana münasibətini dəyişə və onunla qurduğu sıx əlaqələri tam dayandırmasa da, minimuma endirə bilərmi? İrandan Ermənistanın xəyanətkar mövqeyinə görə belə bir addımı atacağını gözləmək olarmı?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, İran maraqlarına cavab verməsə də, Tehran Ermənistanın kürd separatçılarına dəstək məsələsində tutduğu mövqeyinə görə heç bir halda onun üzərinə getməyəcək:

“Ermənistanın İraq Kürdüstanında keçirilən referendumu birbaşa dəstəkləməsi region dövlətləri, həmçinin İranın özü üçün sözsüz ki, arzuolunmaz haldır. Düzdür, yaxın zamanlarda Kürdüstan dövlətinin yaradılacağına hələlik, inanmıram. Bu sadəcə olaraq, Bərzaninin prosesləri sınamaq cəhdi idi. Sözsüz ki, Ermənistanın bu hərəkətilə onun İranla münasibətlərində də müəyyən gərginliklər yaşana bilər. Amma Ermənistanın hansı xislətə sahib olduğunu da bilirik.

Onlar özlərini elə şəkildə təmizə çıxartmağa çalışacaqlar ki, qarşısındakının ona yazığı gələcək. Bütün hallarda inanmıram ki, Ermənistanın kürd referendumu məsələsində tutduğu mövqeyinə rəğmən İranın ona münasibəti dəyişsin. Tehran bilir ki, Ermənistan bu düşüncəni nəyə görə ortaya atır. Bu mənada müəyyən soyumalar olsa da, Tehran İrəvanla strateji münasibətini kəsməyəcək. Bu, habelə, İranın özünün strateji maraqlarından irəli gələn bir məsələdir. İran anlayır ki, Kürdüstan dövlətinin yaranmasını dəstəklədiyi fikrini İrəvan sadəcə olaraq, Türkiyəyə və Azərbaycana qarşı özünün atdığı və atmaq niyyətində olduğu addımlarla bağlı olaraq söyləyib. İranın özünün bölgədə maraqları var, o da Kürdüstan dövlətinin yaranmaması üçün cəhd göstərir. Amma onun strateji maraqları da var.

Belədə İrəvanın həmin mövqeyi İranın maraqlarına ciddi zərbə vurmursa, məsələnin üzərindən sakit tərzdə ötüb keçəcək. Tehranın İrəvanla münasibətlərinə son qoyacağından söhbət gedə bilməz. Bütün hallarda İran buna getməyəcək”.

ELÇİN