“İran öz hərbi gəmilərinin atəşə tutulmasına qarşılıq verəcək və…” – Tərlan Eyvazov

“İran körfəzində qarışıqlıq yaranarsa, dünya koronavirus pandemiyasından da dəhşətli vəziyyətə düşə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İranın kosmosa hərbi peyk göndərməsi və ABŞ rəhbərliyinin İran hərbi gəmilərinin atəşə tutulmasına dair fikirlərini şərh edən ekspert Tərlan Eyvazov seyib.

Tərlan Eyvazov bildirib ki, İranın məhz bu dönəmdə kosmosa hərbi peyk göndərəcəyi dünya üçün gözlənilməz oldu:

“İranın orbitə hərbi peyk göndərəcəyi gözlənilməz oldu. Çünki bu barədə heç bir informasiya yox idi. Bəli, İran orbitə peyk göndərirdi, ancaq onlar hərbi təyinatlı deyildi. Ona görə də bunu İran hakimiyyətinin ölkənin indiki vəziyyətində qeyri-adekvat addımı kimi dəyərləndirmək olar.

İran iqtisadiyyatının sanksiyalar altında əzildiyi bir dönəmdə kosmosa hərbi təyinatlı peyk göndərilməsi – özü də İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən – qətiyyən anlaşılmır. Görünən odur ki, pandemiyadan sonra İran ətrafında vəziyyət daha da kəskinləşəcək”.

Ekspert ABŞ prezidenti Donald Trampın İrana məxsus hərbi gəmilərin vurulması haqda fikirləri haqda bunları deyib:

“Hələ Səfəvilər dövründən etibarən, İran körfəzinə nəzarət bu dövlətin əlində olub, indi də elədir. İran körfəzinə daxil olan gəmilər, o cümlədən, ABŞ gəmiləri yoxlanılır.

Əgər ABŞ tərəfindən İran hərbi gəmilərinə atəş açılacaqsa, bunun cavabı veriləcək və çox ciddi qarşıdurma yaranacaq. Bundan başqa, İran körfəzi neft daşınması baxımından, çox mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, Səudiyyə Ərəbistanı da özünün su ehtiyatını o körfəzdən götürür. Çünki körfəzin suyu nisbətən təmizdir. Körfəzdən su götürülür və duzdan təmizlənərək, istiadəyə yararlı hala gətirilir.

Orada qarışıqlıq yaranarsa, bu, çox böyük faciələrə yol açacaq. Dünya koronavirus pandemiyasından da dəhşətli vəziyyətə düşə bilər”.

Səxavət Məmməd