“İran prezidenti Məsud Pezeşkianın Baş nazirin müavini Şahin Mustafayevlə görüşdə səsləndirdiyi fikirlər əvvəllər də rəsmi Tehran tərəfindən söylənilib. Keçmiş prezident İbrahim Rəisi, keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın ölkəmizdəki sabiq səfiri Seyid Abbas Musəvi də analoji fikirləri söyləyib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
O, Baş nazirin müavini Şahin Mustafayevlə İran prezidenti Məsud Pezeşkian arasında baş tutan görüşlə bağlı fikirlərini bölüşüb.
S. Soltanın fikrincə, iki ölkə arasında bundan əvvəl də dəfələrlə problemlər olub:
“İran tərəfi etiraf etmir ki, Azərbaycana qarşı yürütdüyü siyasətlərdə yanlışlıq olub. Tehran heç buna görə üzr də istəmir. Azərbaycan səfirliyinə edilən terror hücumuna görə Tehran hakimiyyəti, o cümlədən prezident Məsud Pezeşkian Şahin Mustafayevə Azərbaycan xalqından və dövlətindən bu cinayətə görə üzr belə istəməyib. Yəni Pezeşkianın dedikləri protokola uyğun standart ifadələrin yer aldığı danışıq tərzidir. Əvvəllər bunu İbrahim Rəisi deyirdisə, indi də onun yerini Pezeşkian alıb. Elə bil ki, bir mahnını müxtəlif müğənnilər oxuyur. Onsuz da Pezeşkianın çıxışı Rəisinin söylədikləri ilə fərqlənmir”.
Onun sözlərinə görə, Ş. Mustafayev də həmin görüşdə müəyyən açıqlamalar verib:
“O, İranla iqtisadi, hərbi əməkdaşlıq və regionda sülhü yaratmaq üçün birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildiriblər. Yəni sözügedən görüşdəki standart ifadələr heç nəyi dəyişmir və nə Azərbaycanın İrana, nə də İranın Azərbaycana qarşı olan münasibəti dəyişməz olaraq qalır. Bir az dərinə getsəydik, Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı deyəcəkdi ki, bu, İranın “qırmızı xətt”idir”.
Siyasi təhlilçi əlavə edib ki, burada əsas məsələlərdən biri də Azərbaycan səfirliyinə hücum etmiş şəxsin cəzalandırılması ilə bağlı olan məsələdir:
“Pezeşkian da etiraf etdi ki, bu adam cəzalanmayıb və yaxud bu adam barəsində çıxarılan hökm – əgər çıxarılıbsa – icra olunmayıb. Qənaətimə görə, sadəcə olaraq, prokuror onun edam olunması ilə bağlı hakimdən hökm çıxarmasını istəyib. Hələ heç məhkəmə də bununla bağlı hökm çıxarmayıb. Əgər çıxarsaydı, onda Pezeşkian deyərdi ki, bu hökmün icra olunmasını izləyirik. Daha deməzdi ki, məhkəmə prosesinin yekunlaşması ilə bağlı məsələni bilirik”.
İranşünas söyləyib ki, İran hakimiyyəti Azərbaycan səfirliyinə hücumla bağlı üzr istəməyib:
“Bunu Məsud Pezeşkian etməli idi, amma etmədi. Çünki iki insan arasında xoşagəlməz hadisə baş verəndə, incikliyin yaranmasına səbəb olan insan üzr istəyir. Amma belə hadisə baş vermədi. Ona görə də Pezeşkianın dedikləri standart ifadələrdən başqa bir şey deyil. Ona qalsa, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərdə də Pezeşkian eyni sözləri demişdi.
Qısacası, burada yenilik yoxdur. Yeganə yenilik səfirliyə hücumla bağlı məsələ idi ki, bu da hələlik yarımçıqdır. İran tərəfi isə bir ildən artıqdır bu prosesi izləyir. Görək, izləyib haraya gedəcək?”
Rafi Müslümov