İran prezidentinin ölümü ətrafında SPEKULYASİYA: Ortada iki ciddi amil var

“Konkret kəşfiyyat məlumatları olmadan, İran prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı birmənalı fikir bildirmək ciddi olmazdı”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi İran prezidenti İbrahim Rəisinin ötən gün helikopter qəzasında həlak olmasından sonra onun ölümü ətrafında yaranmış spekulyasiyalara münasibət bildirib.
N. Miriyə görə, bununla bərabər, ortada iki ciddi amil var:

“Bunlardan birincisi, təhlükəsizlik məsələsində ciddi boşluğun olmasıdır. Yəni açıq şəkildə dövlət başçısının təhlükəsizliyində belə primitiv boşluqların olması, açığı, müəyyən suallar yaratmamış deyil. İkinci məsələ isə budur ki, İbrahim Rəisinin Prezident İlham Əliyevlə görüşündə istifadə etdiyi bir cümlə var ki, bu da müəyyən suallar yaradır. O qeyd etmişdi ki, Azərbaycanla İranın arasındakı bu cür uğurları bəziləri xoş qarşılamır və onlar müəyyən mənada buna qıcıq göstərirlər”.

Onun fikrincə, bu, çox ciddi bir mesajdır və burada konkret bir ünvandan söhbət getmir.

“Çünki “bəziləri” ifadəsinə, ola bilsin ki, Qərb dövlətləri və İsrail bununla məmnun olmaya bilər, ancaq “bəziləri” sözünün əhatəsinə həm də İrandaxili bəzi qüvvələr də daxil edilir. Yəni bir tərəf İran hökuməti ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı konkret fəaliyyət ortaya qoyarkən, başqa bir tərəf də SEPAH və ölkənin ali dini liderinin rəhbərlik etdiyi qurumun media şəbəkələrində Azərbaycana barmaq silkələyir və İsraildən sonra növbəti hədəfin Azərbaycan olduğunu bildirir”, – deyə o bildirib.

Siyasi şərhçi əlavə edib ki, bunlar bir-birinə sığmayacaq bir dövlətin siyasətində, onun siyasi komandasında olan parçalanmanı göstərir:

“Bu, həm də onu göstərir ki, İranda vahid siyasi güc mərkəzi yoxdur, əksinə, müxtəlif maraqlar və güc mərkəzləri mövcuddur ki, indiki vəziyyətdə də bütün bu məsələlərə əsas rəhbərlik edən SEPAH-dır. Ona görə də bu məsələ daha çox daxili mübarizənin bir elementi olaraq xarici mediada göstərilir və bu, heç də əsassız deyil. Açığı, xarici amillərin bu prosesdə iştirakını tamamilə istisna edirəm. Çünki İran prezidentinin öldürülməsi nə İsrail, nə ABŞ, nə də İrandakı rejimi sevməyən qüvvələrin problemlərini həll etmir. Çünki Rəisi gedəcək, başqası gələcək və fundamental siyasətin yaradıcısı olan sözügedən rejim qalmaqda davam edəcək”.

Həmsöhbətimiz hesab edir ki, Rəisinin ölməsi xarici amillərin problemlərini həll etmir:

“Bu, sadəcə olaraq, fikirləri əsas ünvandan yayındırmaq xarakteri daşıyır. Məncə, burada istinad etməli olduğumuz məsələ daxili siyasi mübarizə məsələsidir. Xeyli müddətdir ki, bu məsələ İran ictimai rəyini ciddi şəkildə məşğul edir və belə bir mübarizənin varlığı heç kimə sirr deyil. İran prezidentinin təhlükəsizliyi ilə bağlı buraxılan boşluqları da, təxminən, bununla izah etmək mümkündür”.

Qeyd edək ki, İranda bir sıra kəsim prezidentin sui-qəsdə məruz qalmasını iddia edərək, helikopter qəzasının arxasında İsrail xüsusi xidmət orqanlarının olduğunu söyləsə də, digərləri baş verən hadisəni hakimiyyətdaxili klan çəkişmələri kimi dəyərləndirirlər.

Rafi Müslümov

COP29