İran rejiminin aktivləşdirdiyi “kürd kartı”: “Türklərə qarşı rahatlıqla istifadə ediləcək yeni…”

“Ötən il başlayan etiraz aksiyaları fonunda İran cəmiyyəti seçkiləri passiv şəkildə boykot etdi”.

Bu fikirləri İranda keçirilən parlament seçkilərinin Güney Azərbaycandakı milli qüvvələr tərəfindən boykot edilməsinin səbəblərini şərh edən iranşünas Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda keçirilmiş parlament seçkiləri tək Güney Azərbaycanda deyil, ümumilikdə, rejimə müxalif olan qüvvələr və fərdlər tərəfindən boykot olunub:

“Yəni bu boykot, ümumilikdə, İran ictimaiyyətinin rejimə etirazıdır. İranda 60 milyondan çox seçici olduğunu nəzərə alsaq, onların cəmi 10 faizi seçkilərdə iştirak edib. Yəni prosesin hansısa etnosun adına yazılması yalnız və yalnız İranın rəsmi ideoloqlarının planıdır.

İranda parlament seçkilərinə yönəlik bu etiraz boykotun passiv formasıdır. Ötən il başlayan etiraz aksiyaları fonunda cəmiyyət seçkiləri passiv şəkildə boykot etdi. Səbəb isə seçkilərin azad, ədalətli və şəffaf keçirilməməsidir. Eyni zamanda, namizədliyini irəli sürən 15 minə yaxın iddialı şəxsin yalnız 116-sı islahat yönümlü şəxs olub. Bu isə seçkilərin necə keçirildiyinin göstəricisidir.

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi də boykot yolunu tutaraq nə parlament, nə də dini ekspertlər şurasına keçirilən seçkiyə qatıldı. O da bu addımı ilə siyasi baxımdan fəal insanlarla eyni mövqedə olduğunu göstərdi. Konkret desək, İran əhalisinin mütləq hissəsi rejimdən narazıdır.

Qeyd etmək lazımdır ki, müxtəlif bölgələrdə seçki aktivliyini artırmaq üçün müxtəlif uydurmalar əsasında bir növ türklər və kürdlər arasında “yarış” təşkil olunur. Bu “marafon”da isə daha çox kürd namizədlər müdafiə edilir. Məsələnin kökündə isə kürdlərin fəallığı yox, perspektivdə hakimiyyətin əlində türklərə qarşı “kürd kartı”ndan rahatlıqla istifadə niyyəti dayanır”.

Nəsimi Ələsgərli

COP29