İran Türkmənistan qazını Pakistana nəql edəcək

İran svap prinsipi əsasında Türkmənistan qazını Pakistana nəql edəcək.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə İran energetika nazirinin müavini Hamid Reza Araki məlumat verib.

Yüksək rütbəli iranlı məmur Türkmənistan qazının Əfqanıstan ərazisindən keçməklə Pakistan və Hindistana nəqlini nəzərdə tutan TAPİ layihəsinin reallaşdırılmasına əmin olmadığını dilə gətirib.

“Regiondakı mövqeyi sayəsində İran ölkə ətrafında reallaşdırılan istənilən qaz kəməri layihəsilə əməkdaşlıq edə bilər”,-deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, TAPİ qaz kəmərinin Türkmənistan hissəsinin tikintisinə 2015-ci ilin dekabrında başlanıb. Qaz kəməri tikintisinin operatoru olan “TAPI Pipeline Company Limited” Türkmənistan ərazisindən Hindistana qaz nəqlinə 2020-ci ildən başlamağı planlaşdırır. Uzunluğu 1814 km olan bu kəmərin illik nəqletmə gücü 33 milyard kubmetr olacaq. TAPI üçün qaz Türkmənistandakı ən böyük təbii qaz yatağı olan “Qalkınış”da hasil ediləcək.

Fevralın 23-də layihənin iştirakçıları olan Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan qaz kəmərinin Əfqanıstan hissəsinin tikintisinə razılıq verib. Aprelin 23-də Özbəkistan transmilli qaz kəməri layihəsində iştirak etməyə hazır olduğunu bəyan edib.