İran və ABŞ arasında “azadlıq” müzakirəsi: Baydenə cavab verildi

ABŞ Prezidenti Co Baydenin “İranı azad edəcəyik” deməsinə İran dərhal cavab verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Co Baydenə cavab olaraq, “Baydenə deyirəm ki, İran 43 il əvvəl azad edilib”, – deyə bildirib.

Rəisi bu cavabı ilə 1979-cu il İran inqilabını xatırladıb.

Belə ki, İranda 43 il əvvəl bu gün baş verən ABŞ-nin Tehrandakı səfirliyinin ələ keçirilməsi və 52 əməkdaşın girov götürülməsi iki ölkə arasında gərgin atmosferin başlanğıcı oldu. O vaxtdan bəri münasibətlər hələ də düzəlməyib.

Səfirliyi ələ keçirənlər səfirlikdən gizlin çıxmağı bacaranlardan başqa, orada qalan 66 diplomatdan bir xəstə qadını və 13 afroamerikalını azad edərək, 52 nəfəri 444 gün girov saxlayıblar.

Bu hadisə diplomatiya tarixində ən uzun sürən girov böhranlarından biridir.