İrana lal olan DİN XADİMLƏRİMİZ – “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” üçüncü sezonunun ilk buraxılışı ilə görüşünüzə gəlib.

Qeyd edək ki, yayında olduğu iki sezon hər həftənin şənbə günü görüşə gələn “A-dan Z-yə Aqil Ələsgərlə” proqramının format və tarixi ilə bağlı yenilik olub. Belə ki, proqram bu sezonda həftə sonu deyil, həftəiçi, aktual mövzulardan asılı olaraq, bir neçə dəfə görüşünüzə gələcək.

Bu dəfəki mövzu isə İran qarşısında susan din xadimlərimizlə bağlıdır.

Buraxılışın mətni:

Vətən savaşı başladığından bəri İran gizlin, son bir ayda da açıq şəkildə ölkəmizə qarşı səlib yürüşünə başlayıb. Təkcə, Abdullahian deyil, İranın qucağında oturan həci isgəndərlər, həci tohidlər və digərləri Azərbaycana qarşı kin qusurlar. Bəs bunun qarşılığında bizim din xadimlərimiz nə işlə məşğuldurlar? Məhərrəm ayında toy olar-olmaz, məhərrəmlikdə qıyılan nikah xoşbəxtlik gətirəcək-gətirməyəcək kimi Kefli İsgəndərin dövrünün aktual məsələlərini rəqəmsal süni zəka dönəmində müzakirə etməklə. Bir az bərkə düşən kimi isə Hacı Şahin kimi deyirlər ki, Amiliyə və ya digər quyruqlu İran mollasına cavab vermək siyasətə qarışmaqdır. Bəyəm Amuli məclis kürsüsündən Azərbaycana quyruq yelləmişdi ki, ona deputatlar cavab versinlər? Amili məscidin minbərindən ağzının qatığını dağıtdığı üçün ona cavab vermək də elə onun ranqındakı din xadimlərinin işidir. Yəni, elə sən Hacı Şahinin, elə sən Hacı Surxayın, elə sən Hacı Fuadın, elə sən Hacı nə bilim kimin. İndi də vəziyyət sakitləşib deyə, birbaşa suvama bölümünə keçirsiniz. Hər şeydə bir xeyir var dedikləri bu olsa gərək. Amili nəyi bacarmasa da, bizim illərdən bəri bunlarla bağlı dediklərimizi əyani olaraq gözlər önünə sərdi… Görüb-görməmək artıq bizim işimiz deyil… Biz demişdik…