“Məsud Pezeşkianın Güney Azərbaycan türklərinin dillərinin qorunması ilə bağlı söylədikləri onun növbəti avantürasıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.
Analitik İran prezidenti Məsud Pezeşkianın Güney Azərbaycanın məşhur ictimai xadimi, milli fəalı Rəşid Danişçi ilə görüşündə Azərbaycan türkcəsinin tədrisi ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.
S. Soltana görə, İranda Cənubi Azərbaycan türklərini sakitləşdirmək, onların milli hərəkatının şüar və tələblərini əllərindən almaq, onu yarıtmaz vəziyyətə salmaq üçün bu, irəli atılmış fikirdir:
“Mən onun görüşdüyü ictimai fəalı da tanımıram. Bunların hamısı avantüradır. Çünki bu gün İran konstitusiyasının 15-ci maddəsi yarımçıqdır. Orada yazılıb ki, İranda qeyri-farslar ana dilində təhsil ala bilər, amma bu müddəa əməldə həyata keçirilmir. Bu maddə, əsasən, fars dili və əlifbasının dövlətin rəsmi atributu olması ilə bağlıdır. Qalanları isə onun üçün yamaqdır. Əgər konstitusiyada maddənin icrası məcburi xarakter daşımırsa, vətəndaş bunu icra etməyə bilər. Azərbaycan türkcəsində də təhsil məsələsi fakültativdir. Bundan başqa, İranda Azərbaycan türkcəsi deyiləndə hansı dil tədris olunacaq? Farsların uydurduğu ala-yarımçıq Azərbaycan türkcəsi, yoxsa ölkəmizdə tədris olunan, latın əlifbası ilə yazılan Azərbaycan türkcəsi? Dünyada yeganə Azərbaycan dili kimi tanınan dil ölkəmizdəki türkcədir. İrandakı isə ləhcədir, dil deyil. Ona görə də, əgər Pezeşkian Azərbaycan Respublikasındakı dilin tədrisindən danışırsa, bu, başqa məsələ. Çünki İranda tədris olunan ermənicə Ermənistanda rəsmi danışılan və hərfləri olan dildir”.
“Ona görə də İranda Azərbaycan dilindəki tədrisdən söz gedirsə, həm də o dilin məxsus olduğu qrafikada yazılmalıdır. Məsələn, ingilis dili İranda tədris olunursa, bu, ərəb əlifbası ilə yazıla bilərmi? Xeyr. Eləcə də Azərbaycan dili İranda tədris olunursa, bu, ölkəmizdə tədris olunan ədəbi dil və latın qrafikası ilə tədris olunmalıdır. Əgər Pezeşkian bunu etmirsə, deməli, avantüra ilə məşğul olur. Hətta Pezeşkian dilə olan həssaslığı nəzərə alıb, Azərbaycan türklərini sosial baza və qüvvə olaraq öz arxasında görmək istəyir. Bu da nəticə etibarilə Ayətullah Seyid Əli Xamneyi rejiminə xidmət edir. Deməli, məqsəd dil vasitəsilə Azərbaycan türklərini İran rejiminə xidmət etdirməkdir. Bu isə rejim tərəfindən Azərbaycan türklərini ələ almaq üçün avantüradır”, – deyə o, əlavə edib.
Onun fikrincə, burada başqa bir məsələ isə budur ki, Məsud Pezeşkian “hizbullah”çıdır:
“O, nə türk milliyyətçisidir, nə də türklərin milli haqlarının təmin olunması uğrunda mübarizə aparan bir liderdir. O, rejimə və hakimiyyətə müxalif olmuş “hizbullah”çı və hakimiyyətiçi islahatçıdır. Yəni Pezeşkian rejimin daha yaxşı olmasını istəyənlərdir, nəinki onun dəyişməsini istəyir. Pezeşkian Xamneyinin buyruq quludur. 50 ilə yaxındır ki, Xamneyi Azərbaycan türkcəsində məktəbin açılmasına icazə vermirsə, Pezeşkian kimdir bunu edə? Pezeşkianı şişirtmək və onu qabartmaq üçün bu tip məsələləri ortaya atırlar.
Vaxtilə Məhəmməd Xatəmi də mədəniyyətlərarası dialoq avantürası ilə guya İrandakı xalqlara mədəni haqların veriləcəyi şüarı ilə çıxış etdi. Lakin heç nə olmadı. Nəticədə, Azərbaycan türklərinin ziyalıları yüzlərlə Xatəmiyə müraciət etsə də, heç birinə reaksiya vermədir. Pezeşkian da ondan çox qabağa getməyəcək.
İranda Azərbaycan dili tədris olunsa belə, bu, yarımçıq və felləri türkcə olan dil olacaq ki, bu da Azərbaycan dilinin inkişafına heç bir xeyir göstərməyəcək. Nəticədə də deyəcəklər ki, xalq bu dili öyrənmək istəmir və türklər öz dillərinə yiyə çıxmaq istəmir. Əgər onlar Azərbaycan dilinə hörmət edirlərsə, Azərbaycan türkcəsi dövlətin rəsmi dili olsun və fars dili ilə eyni statusda işlədilsin. Çünki 30 milyondan çox əhali İranda bu dildə danışır. Əgər bilin bazarı yoxdursa, onda bu dil kimə lazım olacaq?”
Rafi Müslümov