İranda daha 3 azərbaycanlı həbs olundu: Ölənlərin sayı 400-ü ötdü – FOTO

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində etirazlarda 3 aktivist həbs olunub.
Yenicag.az xəbər verir ki, ölkənin güc strukturları tərəfindən həbs olunanlar Mehdi Mollaməhəmmədi, Məhəmməd Əhmədpur və Əmirhüseyin Əlizadədir.
Bildirilib ki, güney azərbaycanlı fəalların harada və hansı şəraitdə saxlanıldığına dair məlumat yoxdur.
Ölkədə keçirilən etirazlarda artıq 402 nəfər həlak olub. Bu barədə Norveç mərkəzli İran İnsan Haqları təşkilatı “Telegram”da məlumat yayıb.
Bildirilib ki, ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.
Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 16 813 nəfər həbs olunub. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin öyrənciləri qoşulub.
Məlumata görə, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.